Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Kəlbəcərdə gözü qarşısında evi yandırılan deputat: “Elə güclü yağış yağsın ki, ermənilərin...” - MÜSAHİBƏ/FOTO






“İllər əvvəl Kəlbəcərdən çıxanda doğulduğum evi gözlərimin önündə yandırdılar. Alov-alov yanan evimizə baxdım... Ermənilər kəndimizi yandırıb, talan etdilər. Əzizlərimi, qohumlarımı qətlə yetirdilər, biz onları doğulduqları kənddə dəfn edə bilmədik. Amma biz gücləndik və 28 ildən sonra doğulduğum kəndə qayıdıram, bunun necə bir hiss olduğunu ifadə edə bilmirəm...”

Azərbaycanın siyasi xadimi, Kəlbəcər rayonunun deputatı Aqil Məmmədovla müsahibəni təqdim edirik.

- Aqil bəy, sizi və bütün xalqımızı işğal altında olan torpaqlarımızın azad edilməsi münasibəti ilə təbrik edirəm.



- Çox sağ olun, mən də sizi müzəffər Azərbaycan ordusunun qazandığı qələbə münasibətilə təbrik edirəm. Bütün əsgərlərimizə təşəkkür edirəm. Ali Baş Komandana minnətdarlığımı bildirirəm ki, bizə bu qələbə müjdəsini verdi. Qələbəni bizə yaşadan, bu tarixi günü bizə canı-qanı bahasına qazandıran şəhidlərimizin ailələrinə başsağlığı verirəm, Allah onlara rəhmət etsin. Yaralı əsgərlərimizə tez zamanda Allahdan şəfa diləyirəm.

- 30 ilə yaxın həsrət 44 gündə sona çatdı. Gözləyirdinizmi?

- Həqiqətən qısa müddət ərzində Azərbaycan qızıl hərflərlə yeni hərb tarixi yazdı. Biz 44 gündə ən əsası erməni mifini, yalanını məhv etdik. Onların qələbə ruhunu sındırdıq. Ermənistan idarə olunmaz bir hala düşüb. Onlar bu günü yaşamalı idilər. Onlar bu günə layiqdirlər. Ermənistan hər zaman qanunları pozaraq, beynəlxalq norma və prinsipləri heçə sayaraq işğalçılıq siyasətini aparıb. İşğal etdikləri ərazilərdə törətdikləri vandalizm aktları göz qabağındadır.

Ermənilər Azərbaycanın milli tarixi abidələrini, yeraltı və yerüstü sərvətlərini məhv ediblər. Bəzilərini isə dəyişərək mənimsəməyə çalışıblar. Qeyri-qanuni məskunlaşmalar aparıblar. 27 sentyabrdan Ermənistanın Azərbaycana qarşı təxribatına cavab olaraq Azərbaycan ordusunun keçirdiyi əks-hücum əməliyyatları nəticəsində onlar bizim ordumuzun gücünü gördülər. Azərbaycan ordusuna tab gətirməyən Ermənistan silahlı qüvvələri öz mənfur əməllərindən yenə də əl çəkmədi. Döyüş meydanından qaçan ermənilər Azərbaycanın mülki əhalisini, dinc yaşayış yerlərini atəşə tutmağa başladılar. İnsanları, qadınları, uşaqları qətlə yetirdilər. Dünya ictimaiyyətini çaşdırmaq üçün yalan informasiyalar verərək, özlərini məzlum göstərməyə çalışdılar.

Lakin onlar unutdular ki, zaman o zaman deyil. Azərbaycan ordusu 20-25 il əvvəlki deyil. Biz gücləndik və daha da güclənəcəyik. Azərbaycan müasir texnologiyalardan layiqincə istifadə etməyi bacarır, bütün həqiqətləri dünya ictimaiyyətinə çatdırmağa nail olur. Ermənilərin bütün cəhdləri bu dəfə suya düşdü. 44 gün ərzində onlar bildilər ki, artıq çıxılmaz vəziyyətdədirlər. Azərbaycan ordusunun Ermənistanı sülhə məcburetmə əməliyyatı noyabrın 10-da imzalanan üçtərəfli bəyannamə ilə sona çatdı. Ermənistanın başqa şansı qalmadı. Bu  bəyanat onların kapitulyasiyasıdır.

- Bəyannamədə təqdim olunan qrafikə əsasən, Ermənistan Respublikası 15 noyabra qədər Kəlbəcər rayonunu Azərbaycan Respublikasına qaytaracaq.



- Bəli. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dəfələrlə öz çıxışında Ermənistanın işğal altında olan Azərbaycan torpaqlarından çıxması ilə bağlı konkret təqvim, qrafik verib, məsuliyyəti öz üzərinə götürəcəyi təqdirdə Azərbaycan ordusunun dayanacağını deyib. Ölkə başçımızın dediyi kimi də oldu. Sabah artıq Kəlbəcər yurduna geri qaytarılır.

- Aqil bəy, bu gün Kəlbəcəri, Ağdamı, Laçını tərk edən ermənilər yaşayış yerlərini yandırır, hətta unitaza qədər bütün əşyalarını götürürlər.

- İzləyirəm. Onlar köçürlər amma yenə də öz xislətlərindən qalmırlar. Kəndləri dağıdırlar, yandırırlar. Əllərindən gələni edirlər ki, Azərbaycana ziyan vursunlar. Amma başa düşmürlər ki, müharibə bununla bitməyəcək. Ali Baş Komandanımız İlham Əliyev dəfələrlə öz çıxışlarında da bunu qeyd edib. Proseslər öz qaydasına düşdükdən sonra, ərazilərimiz işğaldan tam azad olunduqdan sonra dəymiş ziyanın hesablanması ilə bağlı işlər gedəcək. Bunun üçün artıq xüsusi komissiya yaradılıb. Bu 30 il müddətində tarixi abidələrimizi məhv ediblər. Dini abidələrimiz, məscidlərimiz dağıdılıb. Dağlıq Qarabağ və ətraf ərazilərdə 67 məscid olub, onların 63-ü darmadağın edilib. Cəmi dörd məscid qalıb ki, onları da yenidən təmir etmək lazımdır. Bütün bunlar hesablanacaq.

30 ildə ermənilər Azərbaycanın işğal altında olan ərazilərinin yerüstü və yeraltı sərvətlərini vəhşicəsinə talayıblar. Mən düşünürəm ki, bütün bunlar xüsusi komissiya tərəfindən hesablanacaq və yekun sənədlər beynəlxalq məhkəməyə təqdim olunacaq. Onlar bütün bu dəymiş ziyanın təzminatını ödəməlidirlər. Azərbaycan döyüş meydanında qələbə qazandı, bu məsələdə də haqqını qoruyacaq, qələbə qazanacaq!

- Kəlbəcərdən görüntülər paylaşılır. İllər əvvəl son dəfə gördüyünüz, xatirinizdə qalan Kəlbəcəri görə bildinizmi?



-Bilirsiniz bu mənim üçün çox ağırdır. Mən Kəlbəcər rayonunun, Ağdaban kəndində dünyaya gəlmişəm. Mənim uşaqlığım, gəncliyim orada keçib. Hər daşı yaddaşımda qalıb. Azərbaycanın hər bir qarışı bizim üçün dəyərlidir. Ermənilərin ayaqlarının dəydiyi yerdə yaxşı heç nə ola bilməz. Amma ən əsası onlar bizim torpaqlarımızdan çıxmağa məcbur edildilər. Artıq onların şansı yoxdur. Ermənilər qətl, cinayət üçün yaradılıblar. Onların qanında bu var. Ermənilərdən yaxşı nəsə gözləmək çox sadəlövhlük olardı.

Bu illər ərzində biz Kəlbəcər haqqında kitablar yazmışıq, filmlər çəkmişik. İllər əvvəl Kəlbəcərdən köç səhnələrinə baxmışıq. Bunlar hamısı mənim yadımdadır. Bütün bunlar Vətən sevgisindən irəli gəlir. Ona görə də Azərbaycan ordusunun qələbəsi hər birimizi sevindirir.

- İllər əvvəl Kəlbəcərdən çıxışınızı necə xatırlayırsınız?

- Bu sual mənə çox verilir. İnanın ki, mənə çox ağırdır. Ermənilər 1992-ci il 8 aprel tarixində bizim kəndimizə hücum etdilər. Kəndimizdə qətliam törətdilər, kəndi yandırdılar. Kəndimiz 33 şəhid verdi, onların əksəriyyəti mənim yaxın qohumlarım idi. Biz onları öz kəndimizdə belə dəfn edə bilmədik, qonşu kəndlərə apardıq.

Mən ermənilərin kəndimizi necə yandırdığını görmüşəm. Siz təsəvvür edə bilməzsiniz ki, doğulduğun evin, hər bir daşında bir xatirə yatan ata yurdunun gözlərinin qarşısında alov-alov yanması, kül olması nə deməkdir. Mən bunu ifadə edə bilmirəm, amma bu hisslər çox ağırdır. İllərdir mən bu yükü ürəyimdə daşıyıram, bir gün Kəlbəcərə dönmək eşqi ilə yaşayıram. Artıq o gün gəlib yetişdi. Mən eləcə də bütün xalqımız doğma ata yurdlarına, doğulduqları torpaqlara geri dönəcək.

Aqil Məmmədov ani olaraq həmsöhbət olduğu şəhid atasından sitat gətirir. Deyir ki, şəhid atasının işlətdiyi bir cümlə onu çox düşündürüb:

“Keçən dəfə Qubadlıdan olan şəhidimizin atası ilə söhbət edirdik. O dedi ki, kaş işğal olunmuş ərazilərə elə güclü yağış yağsın ki, ermənilərin ayağı, izi-tozu yuyulsun getsin. Torpaqlarımız saflaşsın. Bu söz mənə o qədər təsir etdi ki. Mən də onun sözünün tərəfdarıyam. Əlimdə olsa işğaldan azad olunan torpaqlarımızı yerli-dibli dezinfeksiya edərdim ki, orada erməninin qoxusu belə qalmasın. Əminəm ki, qısa zamanda torpaqlarımızda bir erməni belə qalmayacaq. Məcburi köçkün soydaşlarımızın torpaq həsrəti sona çatacaq. Onlar müzəffər Azərbaycan ordusu sayəsində öz ata yurdlarına geri qayıdacaqlar. Bu möhtəşəm bir qayıdış olacaq”.

- Kəlbəcərə qayıdacaqsınız. 28 ildən sonra Kəlbəcər torpağına ayaq basdığınızda ilk olaraq nə edəcəksiniz?



- İnanırsınız bu sual mənim ürəyimi o qədər fərəhləndirir ki. İlk olaraq o torpağa ayaq basdığımda Kəlbəcərimin havasını ciyərlərimə çəkəcəyəm. Ətrafa uzun-uzun göz gəzdirəcəyəm. Bu torpaqlar üçün biz canımızı-qanımızı verdik. Doğma Kəlbəcərin mədəniyyətində rolu olan, aşıq-ozan sənətini yaşadan Dədə Şəmşirin qəbri bu torpaqdadır, onun atası şair Qurbanın qəbri bu torpaqlardadır. Kəlbəcərin tanınmasında zəhməti olan insanların qəbirləri bu torpaqlardadır. Onların qəbirlərini ziyarət edəcəyəm. Daha sonra doğulduğum evə getmək istəyirəm. O faciəli gündə mən öz evimizi görmüşdüm. Kənddə elə evlər vardı ki, hələ də yanırdı, eləsi də vardı ki artıq yanıb sönmüşdü. Mən evimizin gözlərimin önündə yandığını görmüşdüm. Biz öz evlərimizi yenidən tikəcəyik, o torpaqlara yenidən həyat bəxş edəcəyik. Ermənilər Kəlbəcərdən çıxanda öz evlərini yandırırlar. Qoy yandırsınlar, bəlkə bir az təmizlənər. Onların bu torpaqlardakı izləri yanıb külə dönər.

-Müzəffər Azərbaycan ordusunun qazandığı qələbə ilə Ermənistan-Azərbaycan arasındakı münaqişə bizim qələbəmizlə sona çatdı. Bu münaqişə gələcək nəsillərə ötürülmədi, elə deyilmi?



- Doğrudur, biz qələbə qazandıq. Sülh əldə etdik, öz torpaqlarımıza qayıtdıq. Amma ermənilərin bu mövqelərini heç vaxt unutmaq olmaz. Həyatın qanunudur biz yaşadıq və gedirik. Gələcək nəsillər olacaq, onlardan sonra gələcək nəsillər olacaq. Biz bu tarixi unutmamalıyıq. Qoy gələcək nəsillər bilsin ki, biz kimlərlə qonşuyuq. Ermənilərdən Azərbaycana qardaş olmaz, bunu tarix göstərdi. Biz öz ehtiyatımız əldən verməməliyik. Gələcək nəsillər də öz ayıq-sayıqlığını itirməməlidirlər, tariximizi unutmamalıdırlar. Azərbaycan xalqı qalib xalqdır. Azərbaycan ordusu qalib ordudur. Yaşasın Azərbaycan!

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də