"RegionTV.info"
Bir müddətdir ölkədə heyvanların və bitkilərin aqrar sığortası həyata keçirilir. Amma fermerleri maraqlandıran əsas məsələ o idi ki, heyvan məcburən kəsildikdə də ona ödəniş ediləcəkmi? Aqrar sığortanı həyata keçirən şirkətdən bildirilib ki, bu zaman da fermerə ödəniş olunacaq. Lakin sığorta ödənişinin hesablanması digərlərindən fərqli aparılacaq.
Məcburən kəsilən heyvanlara görə də aqrar sığorta çərçivəsində ödəniş ediləcək.
"Aqrar Sığorta Müştərək Şirkəti"nin İdarə heyəti sədrinin müavini Elvin Əliyev bildirib ki, heyvanların sığortası üzrə 2 sığorta məhsulu mövcuddur. Bunlar da dar və geniş təminatlı sığorta paketləridir. Xəsarət aldığı üçün və ya digər hallarda məcburən kəsilən heyvanların sığortası da bu paketlərə əlavə edilib.
Elvin Əliyevin sözlərinə görə, məcburi kəsim üçün baytar rəy verməli, kəsim də müvafiq məntəqədə aparılmalıdır.
Bu zaman isə fermərə heyvanın tam dəyəri yox, məcburi kəsim nəticəsində ona dəyən zərər ödənəcək. Yəni məcburi kəsimdən sonra satılan ətə görə əldə edilmiş məbləğ sığorta haqqından çıxılacaq. Bundan başqa, digər hallar kimi məcburi kəsim zamanı da sığorta ödənişi zamanı azad olma məbləği tutulur. Bu məbləğ heyvanın dəyərinin 10 faizinə bərabər olur. Vətəndaşlar Aqrar Sığorta Fondunun asf.gov.az internet saytına daxil olaraq oradakı kalkulyatorla heyvanın sığorta haqqını və ala biləcəyi ödənişin məbləğini hesablaya bilərlər.
Xəbəri paylaş