Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Azərbaycanda dəhşət - ailəsini söydüyü üçün iş yoldaşını öldürdü - CİNAYƏT İŞİ - VİDEO

2017-ci il dekabrın 12-də “Neftqaztikinti” trestinin 5 saylı tikinti quraşdırma bölümündəki sahədə yol fəhləsi işləyən Anar Əsgərovun Pirallahı rayonu, Neft Daşları qəsəbəsində yerləşən yataqxananın 219 nömrəli otağında iş yoldaşı Azər Xalıqova aralarında baş vermiş münaqişə zamanı çoxsaylı bıçaq zərbələri vuraraq onu öldürməsi faktına görə rayon prokurorluğunda CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

"RegionTV.info"   xəbər verir ki, hadisə yerinə baxış keçirilməsi protokoluna əsasən, “Neft Daşları” Neftqazçıxartma idarəsinin “B” saylı yataqxanasının 219 nömrəli otağında, döşəmənin üzərində uzanıqlı vəziyyətdə kişi cinsli şəxsin meyiti, ətrafında çoxlu sayda qan gölməçələri və ləkələri, masanın altında sınmış boşqab qırıntıları, oturacaq stulu aşmış vəziyyətdə aşkar edilib.

Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, Azər Xalıqovun (1985-ci il təv.) meyitində 7 ədəd kəsilmiş və 30 ədəd deşilmiş-kəsilmiş yaralar aşkar edilib. Ölümünə döş plevra boşluğuna nüfuz edən və hər iki ağ ciyərin zədələnməsi səbəbindən inkişaf edən kəskin qanitirmə səbəb olub.


İstintaqla müəyyən edilib ki, Anar Əsgərov yataqxanasında olduğu vaxt hal-əhval tutmaq məqsədi ilə 2-ci mərtəbəyə - iş yoldaşı Azər Xalıqovun qaldığı otağa gəlib. Birlikdə nahar etdikləri vaxt spirtli içki qəbul etmək təklifindən imtina etdiyi üçün sonuncu onun ünvanına nalayiq sözlər işlədib. Bundan əsəbiləşən Əsgərov sərxoş vəziyyətdə olmaqla aktiv hərəkətlər etmək imkanı olmayan Xalıqovu qisas niyyəti ilə öldürmək qərarına gəlib. Masanın üzərində olan bıçağı götürüb bədəninin müxtəlif nahiyələrinə ümumilikdə 37 ədəd xəsarət yetirərək onu qəsdən öldürüb.

Təqsirləndirilən şəxs qismində dindirilmiş Anar Əsgərov müdafiə xarakterli ifadələr verərək göstərib ki, Neftçala rayonun Söyüdlü kəndində ailə üzvləri ilə birlikdə yaşayır. 2008-ci ildən “Neftqaztikinti” trestinin 5 saylı tikinti quraşdırma bölümündə işləyib, Azər Xalıqovu 2-3 il bundan əvvəl tanıyıb. Onunla münasibəti normal olub, heç vaxt aralarında dava, ədavət və ya düşmənçilik olmayıb. O, yataqxanada, 1-ci mərtəbədə yerləşən 121 nömrəli otaqda iş yoldaşı Yaqub Kərimovla, Azər Xalıqov isə 2-ci mərtəbədə, 219 nömrəli otaqda tək yaşayıb.


Dekabrın 12-si saat 11:30-da siqaret almaq üçün mağazaya gedib, satıcıdan iki qutu siqaret alıb və otağına qayıtmaq istəyərkən Azər Xalıqovu xeyli vaxtdır görmədiyi üçün onun qaldığı otağa yollanıb. Otağa keçdikdə Azərdən spirtli içki qoxusu gəldiyini hiss edib, Anar otağa keçib sağ tərəfdəki, Azər isə sol tərəfdəki çarpayıda oturub. 1-2 dəqiqədən sonra Əsgərov döşəmədəki elektrik qızdırıcısının üzərindən hazırladığı dəmir tavanı götürüb, masanın üstünə qoyub və onlar nahar etməyə başlayıblar.

Xalıqov bir neçə dəfə ona araq içməyi təklif etsə də, o imtina edib. Buna görə iş yoldaşı onun və ailəsinin ünvanına söyüşlər söyüb və masanın üstündəki bıçağı sol əli ilə götürüb. Oturduğu çarpayıdan ayağa qalxan Anar bıçağı Azərin əlindən alaraq onun qarın, kürək, boğaz nahiyələrinə aşağıdan-yuxarı, həmçinin əks istiqamətdə dəfələrlə, təxminən 20-30 dəfə və hətta bir qədər də çox sayda zərbələr vurub.


Sonuncu əli ilə bıçağı tutmaq istəyib, lakin o, aləti boşlamayıb və həmin söyüşləri Azərə söyərək eyni anda ardıcıl zərbələr vurmaqda davam edib. Hər dəfə bıçaq zərbələri dəyən nahiyələrindən qan axdığını görüb, aralarındakı dava təxminən 10-15 dəqiqə davam edib. Xalıqov otağın döşəməsinə uzanaraq kömək istəyib. Anar əlində bıçaqla dəhlizə çıxıb, yaşadığı otağa gedib.

Otağa girəndə iş yoldaşı Yaqub üst-başının niyə qan olduğunu soruşub, o da Azəri bıçaqladığını deyib. Təxminən 5 dəqiqədən sonra təhlükəsizlikdə işləyən bir nəfər otağa gələrək törətdiyi hadisənin səbəbini soruşub. O, əlindəki bıçağı pəncərənin qırağına qoyub və sonra həmin şəxslə birlikdə təhlükəsizlik bölümünün iş otağına gedib. Bir neçə saatdan sonra polis və prokurorluq əməkdaşları gəlib, o, vurduğu bıçaq zərbələrinin təsirindən Xalıqovun hadisə yerində öldüyünü bilib.

Məhkəmə işin faktiki hallarının məcmusuna qiymət verərək nəticəyə gəlib ki, təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.9-cu (köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) maddələri ilə düzgün tövsif edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Əsgərov (1984-cü il təv.) 17 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də