Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bu gün Azərbaycanda Novruz bayramıdır

Bu gün Azərbaycanda Novruz bayramı qeyd olunur.

"RegionTV.info"  xəbər verir ki, bu gün gecə ilə gündüz bərabərləşir.

Novruzun qeyd edilməsi yeni ilin, yazın ilk gününün qarşılanması anlamına gəlir. Bu bayramın tarixi çox qədimdir. Elmi araşdırmalara əsasən, Novruz bayramının keçirilmə tarixi qədim zamanlara - Zərdüşt peyğəmbərin dövrünə gedib çıxır.

Alimlər bu bayramın yaşını minimum 3700 il, maksimum 5000 il müəyyən edirlər. Qədim Babilistanda bu bayram nisan ayının (mart-aprel) 21-də qeyd edilirmiş və 12 gün davam edirmiş. Bu 12 günün hər birinin öz adət-ənənəsi var imiş. İlk yazılı abidələrdə qeyd edilir ki, Novruz bayramı eramızdan əvvəl 505-ci ildə meydana gəlib.

İslam xadimləri həmişə cəhd ediblər ki, bu bayrama dini çalarlar gətirsinlər. Lakin Firdovsi, Rudəki, İbn Sina, Nizami, Sədi, Hafiz və s. kimi dahi maarifçilər sübut ediblər ki, Novruz bayramı İslamdan çox-çox əvvəllər meydana gəlib.

Novruz bayramına həsr edilmiş əsərlərə misal olaraq Nizamülmülkün "Siyasətnamə", Ömər Xəyyamın "Novruznamə" əsərlərini qeyd etmək olar.
Sovet hakimiyyəti zamanı Novruz bayramı qeyri-rəsmi şəkildə qeyd edilib, çünki dövlət orqanları yazın gəlişinin bayram kimi qeyd edilməsinə icazə verməyiblər.

Lakin qadağalara baxmayaraq, çoxəsrlik ənənələrə sadiq olan hər bir azərbaycanlı ailəsi bu bayramı qeyd edib.

Təbiətin oyanması Novruz ilə başlayır və Azərbaycan xalqı hətta Novruzun gəlişinə bir ay qalmış bu bayramı çox təntənəli şəkildə qeyd edir. Belə ki, hər həftənin çərşənbə axşamı öz adət-ənənələrinə müvafiq olaraq - Su, Od, Torpaq və Yel çərşənbəsi (ilaxır və ya bayram çərşənbəsi) qeyd edilir. Xalq deyimlərinə görə, ilk çərşənbədə su və su mənbələri yenilənir və hərəkətə başlayır, ikinci çərşənbədə odun, üçüncü çərşənbədə torpağın, dördüncü çərşənbədə isə küləyin köməyi ilə ağaclarda tumurcuqlar cücərir və bütün bunlar yazın gəlişindən xəbər verir.
Novruz bayramı qədim adətlər və oyunlarla çox zəngindir. Qədim adətlərə misal olaraq "Xıdır İlyas"ı (məhsuldarlıq, çiçəklənmə simvolu), "Kos-kosa" əyləncəli meydan oyununu və fal açmanı göstərmək olar.

Od ilə bağlı maraqlı adət-ənənələr var. Odlar diyarı Azərbaycan ocaqla bağlı zəngin ənənələrə malikdir və bu, təmizlənmə, yenilənmə əlamətidir. Axır çərşənbədə - Novruz bayramının son çərşənbəsi - böyükdən kiçiyə hər kəs tonqal üstündən tullanmalıdır. Həm də nəzərə almaq lazımdır ki, bir tonqalın üzərindən yeddi dəfə, yaxud yeddi tonqalın hər birinin üzərindən bir dəfə tullanmaq lazımdır. Odun üzərindən tullananlar bu sözləri deməlidirlər: "Ağırlığım-uğurluğum odlara". Tonqalı heç vaxt su ilə söndürmək olmaz. Tonqalın özü sönəndən sonra gənc qızlar və oğlanlar tonqalın külünü toplayaraq evdən uzağa atırlar. Bu, o anlama gəlir ki, ailə üzvlərinin tonqalda yanan bütün uğursuzluqları kül ilə birlikdə uzaqlaşdırılır.
Novruz şən və sevimli, xalqımızın bütün dəyərlərini özündə birləşdirən bayramdır.

Novruz bayramınız mübarək!

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də