Yasamal rayonunda Bakının Baş planına müvafiq olaraq aparılan şəhərsalma işləri ilə yanaşı bəzi problemlərin də həllinə ehtiyac var.
"RegionTV.info" xəbər verir ki, bu sözləri Nazirlər Kabinetinin 2020-ci il üzrə hesabatı zamanı Milli Məclisin deputatı Elnur Allahverdiyev deyib.
O, Nazirlər Kabinetinin 2020-ci il üzrə hesabatının müzakirəsi zamanı Yasamal rayonu ərazisində mövcud olan bir sıra problemlərə diqqət çəkib:
“Yasamal rayonu ərazisinə düşən tarixi Bayır şəhər, hamımızın daha çox “Sovetski” kimi tanıdığımız ərazidir. Bildiyiniz kimi, bu ərazinin bir qismində Bakı şəhərinin Baş planına əsasən, müasir şəhərsalma standartlarına uyğun olaraq abadlıq işləri həyata keçirilib. Gözəl park salınıb, paytaxtımızın ən gözəl guşələrindən birinə çevrilib.
Ancaq müəyyən problemlər qalmaqdadır. Belə ki, müxtəlif illərdə buradan köçürülmüş vətəndaşlar onlara verilən kompensasiyanın həcmindən narazılıq edirlər, həm Milli Məclis, həm Nazirlər Kabineti, həm də Maliyyə Nazirliyinin qarşısında etiraz aksiyaları keçirirlər.
Söküntü ərazisi Yasamaldan seçilmiş 3 deputatın seçki dairəsini əhatə edir. Buna görə də bu vətəndaşlarla biz görüşməli, onların şikəyətlərini dinləməli oluruq.
Dövlətimiz üçün vətəndaşın qayğıları birinci dərəcəlidir. Bu problemin kompleks şəkildə və birdəfəlik həlli üçün lazımi tədbirlər görülməlidir”.
Xəbəri paylaş