Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Hakimiyyətin “gənclər komandası”na miras qalan “qocaman” problemlər - GƏLİŞMƏ


Hakimiyyətin “gənclər komandası”na miras qalan “qocaman” problemlər - GƏLİŞMƏ

2018-ci il prezident seçkilərindən sonra İlham Əliyev ölkədə keyfiyyətcə yeni mərhələnin başlandığını elan etdi və ciddi islahatlara gediləcəyinin anonsunu verdi. Tarixdən az-çox anlayışı olan hər bir kəs bilir ki, müxtəlif zamanlarda islahatlar keçirən hökmdarlar olub və hər zaman islahatlar ciddi müqavimətlə müşayiət olunub. Çünki dövlət vəzifələrində möhkəmlənən, bütləşən iri məmurlar-mühafizəkarlar öz mövqelərini asanlıqla təhvil vermək fikrində olmurlar. Hakimiyyət dadlı bir nemətdir,onu heç kim öz xoşuna əlindən vermək istəmir!

Ölkədə başlanan kadr islahatları tədricən bütün təbəqələri əhatə etməyə başladı. Nazirlər,komitə sədrləri vəzifədən çıxarıldı, icra başçılarının “yarpaq tökümü” sürətləndi. Həbslər aparıldı, böyük korrupsiya faktları üzə çıxarıldı. Nəhayətdə Milli Məclisə seçkilər keçirildi,yeni tərkib müəyyənləşdirildi. Təsadüfi deyil ki, təkcə ölkəmizdə deyil, Azərbaycanda davam edən ictimai-siyasi proseslərlə maraqlanan bəzi xarici dairələrdə də Prezident İlham Əliyevin reallaşdırdığı kadr islahatları böyük maraqla izlənilir və yüksək qiymətləndirilir.

Yuxarıda qeyd etdiyimiz kimi tarix boyu demək olar ki,bütün islahatlar mühafizəkarların ciddi müqaviməti ilə üzləşib. Bu günkü Azərbaycanın siyasi palitrası da istisna təşkil etmir. Aşkarda olmasa da “köhnə komanda”nın incikliyi, narazılığı göz qabağındadır. Hətta əzələ nümayişi göstərənlər də tapıldı, “siyasi toy”un sədası uzun müddətdir ki, ölkə gündəmini zəbt edib. Qəflətən “xəstələnib” müalicəyə gedən, “dərdləri ilə baş-başa qalmaq istəyən” sabiq ideoloqun da əskisi tüstüləyir. Hakimiyyətdə “nəsillərin dəyişməsi” prosesi sürətləndikcə cəmiyyətdə ciddi rezonans doğurur. Son hadisələr cəmiyyətin korrupsiyaya bulaşmış “köhnələrə” olan ümumxalq nifrətini ortaya qoydu.

Məhz bu səbəbdən yeni komandanın üzərinə çox böyük məsuliyyət düşür. Cəmiyyətdə “sabiqlər”ə olan nifrətin fonunda onlar müsbət imic formalaşdırmalı, islahatların reallaşması üçün var qüvvələri ilə çalışmalıdırlar. Bu gün hakimiyyət komandasının yeni simasını müəyyənləşdirən Anar Ələkbərov, Altay Həsənov, Samir Nuriyev, Mikayıl Cabbarov, Elnur Əliyev, Hikmət Hacızadə, Emin Əmrullayev, Zaur Əliyev, Ramin Bayramlı və adlarını çəkmədiyimiz onlarla gənc kadr vəzifədədir. Cənab Prezidentin onlara hansı çətin bir məqamda etimad göstərdiyini nəzərə alsaq “gənclər komandası”nın Azərbaycanın ən yeni tarixində uğurlara imza atacaqlarına inanmamaq olmur. M.Cabbarovun uğurlu kadr kimi özünü doğrultması göz önündədir. Prezidentin bir neçə fərqli sahədə etimadını doğruldan Mikayıl müəllim iqtisadiyyat sahəsində də ciddi islahatlar aparır, tamailə yeni iqtisadi model formalaşdırır.

Bu günkü iqtidar komandasının ən parlaq simalarından biri olan Anar Ələkbərov peşəkar idarəedicidir və bütün verilən tapşırıqları yüksək səviyyədə yerinə yetirir. O,hələ H.Əliyev Fondunda çalışdığı zamandan parlaq karyerası ilə fərqləndi, uğurlu kadr olduğunu sübut etdi. Bu gün də həmin imicini qoruyub saxlamaqla cəmiyyətdə formalaşmış ənənəvi məmur obrazını alt-üst edən A.Ələkbərov yeniliyin, innovativliyin, təvazökarlığın və səmimiyyətin simvoluna çevrilib. İctimaiyyət nümayəndələri, mədəniyyət xadimləri, ziyalılarla keçirdiyi görüşlərdə sərgilədiyi yüksək intellekt onun nə qədər doğru seçim olduğunun göstəricisidir.

Prezident Admnistrasiyasının yeni rəhbəri Samir Nuriyevin üzərinə düşən məsuliyyət ikiqat ağırdır. Ondan əvvəl bu vəzifəni icra edən “boz kardinal”ın Azərbaycan siyasətində hansı izləri qoyduğu nəzərə alsaq S.Nuriyevin onun siyasi karyerasının xarabalıqları üzərində yeni bir qala ucaldacağına inanmaq istəyirik.

Hakimiyyət komandası tədricən dəyişilir. “Ağsaqqallar” çətinliklə də olsa vəzifələrindən alınır,onların yerinə gənclər gətirilir. Əslində ağsaqqallar vəzifədən həvəslə gedib nəvələriylə oynamalı, bir az da onlara nağıllar danışmalıdırlar. Axı onlar yaxşı nağıl danışmağı bacarırlar!
Rubrika.Az

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də