Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bakıda olduqca sönük məktəb bazarlığı: - valideyinlər tərəddüd içindədir



Koronavirus pandemiyası səbəbindən bu il Azərbaycanda dərslər fərqli tarixlərdə və fərqli formada başlayacaq. Xəbər verildiyi kimi, Nazirlər Kabinetinin qərarı ilə ibtidai sinif şagirdləri sentyabrın 15-dən, 5-9-cu siniflər oktyabrın 1-dən, 10-11-ci siniflər isə oktyabrın 15-dən məktəbə gedəcəklər.

Habelə dərslərin həftədə 2-3 gün məktəbdə, qalan günlər isə online keçirilməsi praktikası tətbiq olunacaq. Eyni zamanda valideyinlərə də uşaqları üçün online, yaxud ənənəvi tədris formasını seçməsinə imkan yaradılır. Bu baxımdan məktəbə gedənlərin sayının ciddi şəkildə azalacağı ilə bağlı narahatlıqlar var. Üstəlik qarşıdakı payız-qış aylarında yoluxma tendensiyasının necə dəyişəcəyi də məlum deyil və yenidən sərt karantin rejiminin tətbiqi hər halda istisna olunmur.

Belə qeyri-müəyyən vəziyyətdə Bakının dükan-bazarlarında məktəb alış-verişi də əvvəlki illərlə müqayisədə olduqca sönükdür. Üstəlik iri ticarət mərkəzlərinin, yarmarkaların fəaliyyətinə icazə verilməməsi də bir yandan seçim imkanlarını daraldıb, valideynlərin işini çətinləşdirib.

Virtualaz.org-un əməkdaşları Bakının məktəbli geyimləri və ləvazimatlarının satıldığı bir neçə mağazalarına baş çəkib, bəlli olub ki, çeşid az, qiymət isə ötən ilə nisbətən bahadır. Satıcıların sözlərinə görə, bu il əsasən Rusiya və Türkiyədən mal gətirə biliblər, ötən ildən anbarlarda qalan mallar da satışa çıxarılıb.

“Gün ərzində cəmi beş-altı çanta sata bilirik...”

Metronun “28 May” stansiyasının ətrafında məktəb ləvazimatları satan onlarla mağaza fəaliyyət göstərir. Satıcılar bildiriblər ki, son iki-üç gündə bazarda canlanma olsa da, müştərilər cüzi alış-verişlə kifayətlənirlər.

Sanki hamı tərəddüd içindədir, uşaqlarını məktəbə göndərməkdən ehtiyat edənlər çoxdur. Satışda Rusiya, Türkiyə, Almaniya, Yunanıstan və Çin istehsallı çantalar var. Çin istehsallı çantaların qiyməti 18 manatdan başlayır. Satıcılar bildiriblər ki, ötən ildən gətirilmiş və anbarlarda qalan çantalar ucuz təklif edilir. Metro ilə üzbəüz mağazalardan birinin satıcısı deyir ki, gün ərzində cəmi beş-altı çanta sata bilirlər. Halbuki, ötən il bu vaxtı gün ərzində azı otuz-qırx çanta alınırmış.

Ötən il Çindən gətirilən mallar ucuz təklif olunur

“Bax, gördüyünüz bu çantanın qiyməti 37 manatdır. Sentyabr ayının 1-dən indiyə qədər bu çantadan cəmi ikisini satmışam. Alıcıların çoxu 20-30 manatlıq çantalara üstünlük verirlər. Daha çox nağıl qəhrəmanlarının şəkilləri olan çantalar alınır. Ötən il Çindən gətirldiyindən həmin çantaları ucuz təklif edirik”- satıcı bildirib.

Digər satıcı isə deyib ki, onlar “Sədərək” ticarət mərkəzinin topdansatış mağazalarından mal alırmışlar. İndi ticarət mərkəzləri bağlı olduğundan əziyyət çəkirlər.

Mağazaların əksəriyyətində dezinfeksiyaedici məhlullar və uşaqlar üçün müxtəlif şəkilli tibbi maskalar da satılır. Vüqar adlı alıcı bildirib ki, sinif rəhbəri hər ehtimalda uşağın çantasına dezinfeksiyaedici məhlul qoyulmasını da təklif edib.

Nabat adlı alıcı bildirib ki, ötən il “Sədərək”dən qələmləri 20 qəpikdən alıb. Amma indi qiymət 10 qəpik bahalaşıb. Rəngli karandaşlar istehsal edən firma və keyfiyyətinə görə 1 manat 50 qəpik – 8 manat, rəsm albomları 60 qəpik- 2 manat, qələmlər 20 qəpik-5 manat, məktəbli gündəliyi 3 manat 60 qəpiyə satılır. Satıcılar onu da bildiriblər ki, hazırda daha çox qələm və dəftər alınır.

Bakı Tikiş Evinin bir neçə mağazası bağlıdır

Pandemiya məktəbli geyim dəstlərinin satışına da təsir göstərib. Məktəbli formalarının istehsalı və satışı ilə məşğul olan Bakı Tikiş Evinin bir neçə mağazası fəaliyyətini dayandırıb. Tikiş evinin əsas ofisində hər il olduğu kimi qələbəlik müşahidə edilmir, tək-tük alıcılar var. Onlar da əsasən birinci sinfə gedənlərin valideynləridir. Valideyn Eldəniz Məmmədov deyir ki, məktəbli dəsti almaq üçün Mərdəkan qəsəbəsindən gəlib.

“Qəsəbənin yaxınlığında məktəbli dəstləri satılan mağaza vardı. Amma hazırda həmin mağaza işləmir. Biz də məcbur olub bura gəlmişik. Hələ çanta, dəftər-qələm almamışıq” – Məmmədov bildirib.

Digər valideyn isə deyib ki, övladı birinci sinfə gedəcək, bazarlardan məktəbli dəstləri satılsa da, ucuz Çin malı olduğu üçün almayıb. Hərçənd ki, bu, dəstlərin keyfiyyətindən də bir o qədər razı deyil.

“Evdə yoldaşımla uşağın məktəbə göndərib-göndərilməməsi ilə bağlı mübahisə edirik. Hələ nə qərar verəcəyimizi bilmirik. Çünki, yoldaşım uşağın yoluxacağından narahatdır. Mən isə məktəbə getməsinin tərəfdarıyam. Hər ehtimala qarşı məktəbli formasını indidən alıram ki, mağazaların bağlanılmasına qərar verilsə çıxılmaz duruma düşməyək” – alıcı deyib.

“İri ticarət mərkəzlərində, “Mall”lardakı mazağalarımız işləmir”

Bakı Tikiş Evinin satış şöbəsinin rəisi Etibar Əzimov etiraf edir ki, pandemiya səbəbindən məktəbli dəstlərinin satışı çox zəifləyib. Onun dediyinə görə, indi əsasən ibtidai siniflər üçün məktəbli dəstlər alınır. Amma yaxın günlərdə satışın artacağına ümid edir: “Bizim 9 ünvanda mağazamız var. İri ticarət mərkəzlərində, “Mall” lardakı mazağalarımız işləmir. Avqustun 29-da xəbər çıxdı ki, məktəblər açılacaq. Ondan sonra camaat mağazalarımıza gəlməyə başladı. Ona qədər qapını açan olmamışdı. Həmişə burda növbə olurdu, iynə atsan yerə düşməzdi. İndi sakitçilikdi”.

“Biz on ildir məktəbli formalarının istehsalı ilə məşğuluq. Həm uyğunluq sertifikatımz var, həm müəlliflik hüququmuz var. Baxmayaraq ki, bəzi işbazlar bizim modelə uyğun saxta məktəbli formaları tikirlər. Demək olar ki, bu, hər il təkrarlanır. Biz də buna görə əlaqədar təşkilatlara müraciət edirik “- əlavə edib.

Etibar Əzimov bildirib ki, məktəbli formalarının qiymətində dəyişiklik olmayıb və üç il əvvəl hansı qiymətə satılırdısa indi də o qiymətə satırlar...

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də