"AstraZeneca" vaksinin istifadəsinin bəzi ölkələrdə dayandırılmasından sonra bu gün ÜST Qlobal Vaksin Təhlükəsizliyi Məsləhət Komitəsi bir araya gələcək.
RegionTV.info xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adanom Qebreyesus İsveçrənin Cenevrə şəhərində keçirdiyi mətbuat konfransında deyib.
Baş direktorun sözlərinə görə, komitə Avropa Dərman Agentliyi (EMA) ilə təmasdadır:
"Ancaq indi bir çox ölkənin qarşı-qarşıya olduğu ən böyük təhdid koronavirus vaksinlərinə əlçatanlığın əskikliyidir. Demək olar ki, hər gün dünyanın dörd bir tərəfindən yüksək vəzifəli siyasətçilərdən zənglər gəlir və məndən COVAX çərçivəsində nə zaman vaksin tədarük edəcəklərini soruşurlar.
Bəziləri ümidlərini üzüb və bunun səbəbini başa düşürəm. Öz ölkələrində heç bir vaksin olmadığı halda, dünyanın ən zəngin ölkələrinin bəzilərinin əhalisini dəfələrlə peyvəndləməyə çatacaq qədər vaksin satın aldıqlarını görürlər".
ÜST-ün Elm Heyətinin baş mütəxəssisi Dr. Soumya Svaminathan "AstraZeneca" ilə əlaqədar sualları cavablandırıb:
"Qlobal miqyasda fərqli firmaların istehsal etdiyi 300 milyon dozdan çox koronavirus vaksini tətbiq olunub və peyvəndlə bağlı sənədləşdirilmiş bir ölüm müəyyənləşdirilməyib".
O, "AstraZeneca" vurulmuş insanları təşvişə düşməməyə çağırıb:
"Xatırladıram ki, koronavirus milyonlarla insanın ölümünə səbəb olub. Pandemiyanın bitməsi üçün vaksinasiya şərtdir".
Qeyd edək ki, "AstraZeneca" qanda laxtalanmaya səbəb olduğu üçün 11 ölkə artıq onun tətbiqini müvəqqəti dayandırıb.
Xəbəri paylaş