Gürcüstanın erməniləri yığcam yaşadıqları Samtsxe Cavaxeti bölgəsinin Ninotsminda bələdiyyəsində insan alverində ittiham olunan ata və oğul saxlanılıb.
"RegionTV.info" xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyindən bildirilib.
İstintaqla müəyyən olunub ki, saxlanılan şəxslər 2015-2016-ci illərdə Ermənistan vətəndaşı olan 3 şəxsə Gürcüstanda işləmək üçün yaxşı şərtlər vəd ediblər. Ata-oğul onlara sənədlərin toplanmasında və Gürcüstana çatdırılmasında da dəstək olub.
Ermənistan vətəndaşları Ninotsminda bələdiyyəsinin bir kəndində yerləşən mal-qara fermasına gətirilib və onlar hədə-qorxu altında işləməyə məcbur edilib. Həmin şəxslərin şəxsiyyət vəsiqələri əllərindən alınıb və bir neçə il ərzində zəhmət haqları ödənilməyib. Bundan başqa, onların sərbəst hərəkərinə məhdudiyyətlər qoyulub və videokameralar vasitəsilə izlənməsi aparılıb.
Cinayətin üstü təsadüf nəticəsində açılıb. Belə ki, Ermənistan vətəndaşlarından biri fermadan qaçmağa müvəffəq olub və o, Gürcüstan dövlət sərhədini qanunsuz keçərək Ermənistana daxil olmağa cəhd edib. Nəticədə o, sərhəd polisi əməkdaşları tərəfindən saxlanılıb.
Qrup halında insan alveri faktı ilə bağlı istintaq davam etdirilir. Saxlanılan şəxsləri 12 ildən 15 ilədək həbs gözləyir.
Xəbəri paylaş