Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Ehtiyatda olan azərbaycanlı zabitdən Türkiyə prezidentinə MÜRACİƏT...






Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana müraciət ünvanlayıb.

Emil Həsənli müraciətində bildirib ki, iki qardaş ölkə olan Azərbaycan və Türkiyə tarixən böyük bağlara malik olub və bu gün də həmin bağlar möhkəmlənərək daha geniş müstəvidə inkişaf etməkdədir:

“Qardaş ölkələr bir-birinə hər zaman dəstək nümayiş etdirib, çətin günlərdə həmrəylik göstərib. 1918-ci ilin may- sentyabr aylarında Bakı şəhəri də daxil olmaqla, Azərbaycanın bir çox ərazisi Nuri Paşanın komandanlıq etdiyi Qafqaz İslam Ordusu tərəfindən erməni daşnak-bolşevik işğalından azad edilib. Azərbaycan xalqı bu savaşda canını fəda etmiş 1130 Türk şəhidini heç bir zaman unutmur. Çanaqqala döyüşlərində Azərbaycan türkləri şəhidlər verib, Türkiyənin istiqlal savaşına öz dəktəklərini veriblər. Azərbaycanın müstəqilliyinin ilk və çətin illərində Türkiyə dövlətinin göstərdiyi hərtərəfli yardım heç vaxt yaddan çıxmaz. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin "Bir Millət - İki Dövlət" ideyasına sadiq olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Sizin müdrik siyasətiniz nəticəsində əməkdaşlığımız ən yüksək səviyyəyə çatıb. Türk Silahlı Qüvvələrinin Suriyada keçirdiyi hərbi əməliyyatlar zamanı, terrorçulara qarşı mehmetciklə çiyin-çiyinə savaşmaq üçün minlərlə Azərbaycan fədaisi müraciət edib".

İctimai birliyin sədri vurğulayıb ki, iki qardaş ölkə Azərbaycan və Türkiyə son günlər daha da yaxınlaşaraq münasibətlərin dərinləşməsi istiqamətində mühüm addımlar atmaqda davam edirlər:

"Qardaş Türkiyə, Tovuz hadisələri zamanı birmənalı olaraq Azərbaycanı müdafiə etdi. Siz, qardaş ölkənin rəhbəri olaraq, Türkiyənin bütün imkanları ilə Azərbaycanın yanında olduğunu bəyan edərək, Azərbaycana lazım olan dəstəyi hərbi, siyasi və diplomatik kanallarla göstərdiniz. Türkiyə-Azərbaycan əməkdaşlığının ən bariz nümunələrindən biri isə birgə hərbi təlimlərin keçirilməsidir. Bu
kontekstdə Prezident cənab İlham Əliyevin çıxışından olan bu hissə strateji mənada olduqca möhtəşəm səslənir: "Əminəm ki, yaxın zamanlarda Türkiyə bütün başqa sahələrdə olduğu kimi, hərbi-texniki əməkdaşlıq sahəsində də bizim üçün bir nömrəli tərəfdaş olacaqdır. Bildiyiniz kimi, həm siyasi, həm iqtisadi, həm də başqa sahələrdə bizim əlaqələrimiz bütün ölkələr üçün örnəkdir... Mən dəfələrlə demişəm ki, bu gün dünyada Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın və bağlı olan ölkələr yoxdur. Bu, həqiqətdir".

Siz isə çıxışınızda qətiyyətlə ifadə etdiniz ki, qardaş Azərbaycana bütün imkanlar ilə dəstək verilir və bu, davam edəcək. Türkiyə Ordusu Azərbaycanın ixtiyarındadır. Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar ölkə başçımız cənab İlham Əliyevlə Bakıda olan görüşündə qardaş ölkənin adından bu fikirləri ifadə edərək. Bu fikirləri səsləndirdi: "Azərbaycan tək deyil. Bunu hər kəs bilsin. Biz bərabərik, birik, bir millətik. Biz sülhün, sabitliyin tərəfdarıyıq. Təkcə ölkələrimizin təhlükəsizliyi, əmin-amanlığı mənasında deyil, bütün Qafqazın, bütün bölgənin sülh və əmin-amanlıq içərisində olmasının tərəfdarıyıq. Digər tərəfdən, haqqımızın, hüququmuzun, mənafelərimizin də tapdalanmasına imkan verməyəcəyimizi, bunların qorunması üçün lazım olan nə varsa edəcəyimizi hamının bilməsini istəyirik".

Emin Həsənli qeyd edib ki, bu fikirlər bir daha qardaş ölkənin Azərbaycanın gücünə güc qatdığını birmənalı olaraq ifadə etdi:

"Çox hörmətli cənab Rəcəb Tayyib Ərdoğan! Son zamanlar Türkiyənin ölkənin cənub sahilindəki Yunan adasına yaxın öz sularında qazma işləri aparmaq üçün gəmi göndərəcəyini açıqladıqdan sonra, Yunanıstanın hərbi dəniz həyəcanı verməsi, eyni zamanda, Türkiyənin Şərqi Aralıq dənizinə yeni seysmik araşdırma fəaliyyəti üçün "Oruc Reis" gəmisini göndərməsi, ölkənin Yunanıstanla gərginlik yaşamasına səbəb olub. Bundan sonra Yunanıstan haqsız olaraq Türkiyəni kontinental şelfə girməkdə və suveren hüquqları pozmaqda ittiham edib.

Bu gün bütün dünya bilməlidir ki, daim güclənən Azərbaycan-Türkiyə münasibətləri əməkdaşlığımızın hərtərəfli gücündən və sarsılmazlığından xəbər verir. Prezident İlham Əliyevin Yunanıstanın Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nikolas Piperiqkosu qəbul edərkən Türkiyə və Yunanıstan arasında Şərqi Aralıq dənizi regionunda baş verən gərginliyə toxunması da iki ölkə arasında olan əlaqələrin yüksək səviyyədə olmasının sübutudur. Cənab prezident həmin görüşü zamanı bildirib: “Toxunmaq istədiyim sonuncu məsələ Türkiyə və Yunanıstan arasında
Şərqi Aralıq dənizi regionunda bu yaxınlarda baş verən gərginlikdir. Sizə deyə bilərəm və bu sirr deyil ki, Türkiyə təkcə bizim dost və tərəfdaşımız yox, bizim üçün qardaş ölkədir. Biz heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyirik və bütün hallarda dəstəkləyəcəyik... Mən istəyirəm ki, siz bizim mövqeyimizi biləsiniz... Beləliklə, bütün məsələlərdə biz onların yanında olacağıq”.

Bütün bunlar onu göstərir ki, Azərbaycan ilə Türkiyə hər zaman bir-birinin yanındadır və Azərbaycan-Türkiyə əlaqələri bütün türk dünyası üçün mühüm rol oynayır, eyni zamanda bu əlaqələr türkdilli dövlətlər arasında münasibətlərin inkişafına da güclü təsir göstərir. Həmin qardaşlıq münasibətlərinin bundan sonra da inkişaf etməsi üçün biz ehtiyatda olan hərbçilər və təmsil olunduğumuz qeyri-hökumət təşkilatlarının əməkdaşları, gənclər daim qardaş Türkiyənin yanındadır”.

Sonda Emin Həsənli diqqətə çatdırıb ki, əgər Türkiyə ilə Yunanıstan arasındakı gərginlik münaqişəyə çevrilərsə qardaşlarımızla birgə döyüşməyə hazırıq:

“Biz- ehtiyatda olan hərbçilər və gənclər tarixi ənənələrimizə sadiq qalaraq, bildiririk ki, Türkiyə ilə Yunanıstan arasında olan bu gərginlik münaqişəyə çevrilərsə, bizlər də həmin döyüşlərin iştirakçısı olmaq və qardaşlarımızla birgə Türkiyə Silahlı Qüvvələrinin tərkibində döyüşməyə hazırıq. Bizlər qardaşlığımızın, milli kimliyimizin, dövlətçiliyimizin qorunması naminə istənilən döyüşə hazırıq! Yaşasın, Türkiyə Azərbaycan birliyi, Türkiyə Azərbaycan qardaşlığı!”

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də