Xəbər verdiyimiz kimi karantin rejimi dövründə metronun fəaliyyətini dayandırması ictimai nəqliyyatda günün müxtəlif saatlarında sərnişin sıxlığına səbəb olub. İnsanlar bir neçə gündür ki, bu problemi sosial şəbəkələrdə müzakirə edib, metronun açılmasının mütləq vacibliyini vurğulayırlar.
Bəs bu cür sərnişin sıxlığının qarşısını almaq üçün metronun açılması nə qədər vacibdir?
Moderator.az-ın sualını cavablandıran hüquqşunas, nəqliyyat üzrə ekspert Ərşad Hüseynov yumşalmalar çərçivəsində növbəti dəfə metronun açılmasının mütləq olduğunu bildirdi:
“Karantin rejimi tədricən yumşaldılır. Arzu edirik ki, koronavirusla bağlı dinamika elə olsun ki, bunu sərtləşdirməyə ehtiyac olmasın, əsas budur. Hər şey koronavirusun yayılma dinamikasından asılıdır. Əgər belə davam edərsə, getdikcə yenə yumşalmalar olacaq, dərslər açılıq, insanlar iş yerlərinə gedirlər. Ona görə də avtobuslarla həmin sərnişin axınını qarşılamaq mümkün deyil. Labüd olaraq ehtiyac yaranıb ki, metronun sərnişindaşıma fəaliyyəti bərpa olunsun. Çünki hamı görür ki, günün müxtəlif saatlarında avtobuslarda çox ciddi sıxlıq var və sosial məsafə sıfra bərabərdir. Ona görə də metronun fəaliyyəti mütləq bərpa olunmalıdır ki, insanların gediş-gəlişi rahatlansın. Onsuz da sosial məsafəni saxlamaq mümkün deyil. Ona görə bu barədə ciddi düşünmək lazımdır və heç olmasa sentyabrın 15-dən metronun fəaliyyətini bərpa etmək lazımdır. Təbii ki, bu da tam olaraq sərnişin sıxlığını aradan qaldırmayacaq, amma bununla yanaşı təbliğat işləri də aparmaq vacibdir”.