Rusiyanın “RBK” kanalı Azərbaycanın işğaldan azad edilmiş ərazilərindən xüsusi reportaj hazırlayıb. Kanalın çəkiliş qrupu həm işğaldan azad olunan ərazilərimizdə, həm də Prezident İlham Əliyevin yerli və xarici jurnalistləri qəbul etdiyi media-konfransda iştirak edib.
"RegionTV.info" xəbər verir ki, Rusiyanın “RBK” kanalı Azərbaycanın işğaldan azad edilmiş ərazilərindən xüsusi reportaj hazırlayıb. Artyom Potyomkinin müəllifi olduğu reportajda Prezident İlham Əliyevin yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransı, İkinci Qarabağ müharibəsinin nəticələri, işğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq və yenidənqurma işləri, bu torpaqlarda tarixi abidələrin bərpası və qorunması, Qarabağın erməni əhalisinin Azərbaycan vətəndaşları kimi gələcək taleyi və digər mühüm məsələlərə toxunulub.
Jurnalist işğaldan azad olunmuş ərazilərdə xarabaya çevrilmiş kənd və şəhərlərin görüntüləri fonunda bildirir ki, təxminən 30 il davam edən işğal dövründə bu ərazilər xarabalığa çevrilsə də, Qarabağın təbiətinin gözəlliklərinə heyran qalmamaq mümkün deyil. İndi isə Qarabağ döyüş meydanından tikinti meydanına çevrilir, yollarda tankları ekskavatorlar, kəşfiyyatçıları ilə yerölçənlər əvəz edir.
“RBK”nın jurnalisti qeyd edir ki, Azərbaycanın hər yerində “Qarabağ Azərbaycandır!” şüarlarına rast gəlmək olur.
Jurnalist Azərbaycan hökumətinin əcnəbi jurnalistlər üçün Qarabağa press-turlar təşkil etdiyini, işğaldan azad olunan ərazilərdəki kənd və şəhərlərin, daha doğrusu, qalan xarabalıqların onlara nümayiş etdirildiyini vurğulayır və deyir ki, rəsmi Bakı tezliklə hər şeyin dəyişəcəyinə, xarabalığa çevrilmiş bu torpaqlara dinc əhalinin qayıdacağına əmindir.
Prezident İlham Əliyev yerli və xarici media nümayəndələri ilə görüşü zamanı "RBK" kanalının müxbirinə Xankəndinin və hazırda erməni əhalinin yaşadığı digər ərazilərin inteqrasiyasının labüd proses olduğunu, Azərbaycanın bundan sonra daha da qüvvətlənəcəyini, Ermənistanın isə əməkdaşlıq etməsə, yalnız zəifləyəcəyini bildirmişdi.
Müxbirin daha bir səfəri Laçın rayonunadır. Erməni vandalizminin növbəti nümunəsi - Ağoğlan kilsəsi. Ekrandan Alban-udi xristian dini icması üzvlərinin uzun illərdən sonra burada ilk dəfə ayin icra etdikləri görünür.
Çəkiliş qrupu minalardan təmizlənmiş ərazilərdə artıq əkin sahələrinin salındığını, vaxtilə üzümçülük sovxozu olmuş ərazidə isə ermənilərin tikanlı məftillər çəkdiyini müşahidə edir. Yolun kənarında kəndlərin adları yazılmış lövhələr basdırılsa da, kəndlərin özü yoxdur. Çəkiliş qrupu Füzuli şəhərində də olur.
Xəbəri paylaş