"Hazırda təkcə Abşeron coğrafiyasında 500 mindən çox sənədsiz ev var. Bu həm əmlak vergisi, həm də daşınmaz əmlakın sığortalanması məsələsində ortaya ciddi problemlər çıxarır”.
"RegionTV.info" xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib. O bildirib ki, sənədsiz evlər məsələsi bir neçə dəfə gündəmə gəlsə də, sonra yoxa çıxıb:
"Dünən yenidən bu məsələ aktuallaşdı. Bu dəfə necə olacaq, onu zaman göstərəcək. Lakin təsəvvvür edin ki, hər evdə 4-5 ailə üzvünün yaşadığını nəzərə alsaq, deməli, təkcə Abşeronda zonasında 2,5 milyona yaxın insan nəinki, yaşadığı evdə qeydiyyatda deyil, yaşadığı ev rəsmən mövcud deyil. Belə evlərdən bələdiyyələrin əmlak vergisi tələb etməsi isə bir ayrıca qanunsuzluqdur”.
Ekspertin sözlərinə görə, vətəndaş aldanmamaq üçün hansı halda vergi verməli olduğunu və verəcəyi təqdirdə bunun hesablanma qaydasını bilməlidir.
Qeyd edək ki, Nazirlər Kabinetinin Milli Məclisə təqdim olunan illik hesabatında sənədsiz evlərin inventarlaşdırılması prosesinin aparıldığına dair məlumat yer alıb.
Xatırladaq ki, Bakı və onun ətrafında sənədləşmə aparılmadan tikilən fərdi evlərin sayı yüz minlərlədir. Xüsusilə 2000-ci illərdə Bakı ətrafında bəzi məlumatlara görə, 700 mindən yuxarı belə ev inşa olunub. Bundan əlavə, Bakı kəndlərində sovet dövründən tikilmiş evlərin çoxunun da "kupça”sı yoxdur.
Xəbəri paylaş