Hicri-qəməri təqviminə əsasən, bu gün müqəddəs Məbəs və ya "Besət" günüdür.
"RegionTV.info" xəbər verir ki, bu gün hicri-qəməri tarixi ilə rəcəb ayının 27-sinə təsadüf edir. Bu gün islam tarixində islam peyğəmbəri Məhəmməd ibni Abdullaha (s) ilk dəfə ilahi vəhyin nazil olduğu və onun peyğəmbərliyə seçildiyi gündür.
Məhz, həzrəti Məhəmməd (s) Hira mağarasında ibadətlə məşğul olarkən Allahın əmrləri və qanunları vəhy formasında ona bugünkü tarixdə nazil olub. Tarixi hədislərə görə, islam peyğəmbərinə ilk vəhy nazil olan gün onun 40 yaşı olub.
Məbəs günü ilə bağlı ən maraqlı məqamlardan biri budur ki, yazmağı, oxumağı bacarmayan, müəyyən bir məktəbə, mədrəsəyə getməyən, heç bir şairin, kahinin, keşişin, alimin yanında təlim-təhsil görməyən, ümumiyyətlə, heç bir orta və ali təhsili olmayan bir insan Qurani-Kərim kimi qeyb aləmindən, keçmişdən, tarixi hadisələrdən, faktlardan, gələcəkdən, şeirin, ədəbiyyatın, nəzmin incəliklərindən, ictimai qanunlardan, hüquqi vəzifələrdən, məhkəmə sistemindən, ictimai ədalətdən və kamil dünyəvi baxışdan, zülmə qarşı mübarizə hərəkatından, yerin-göyün sirlərindən, aləmlərin rəbbindən və onun sifətlərindən xəbər verən kitabı bəşəriyyətə təqdim edib.
Məhz, buna görədir ki, müsəlmanlar Məbəs gününü bayram etməyi özlərinə borc bilirlər.
Hazırda islam dünyasında bir çox ölkələrdə baş verən ikitirəliyin səbəbini də, əslində Məbəs gününün dəyərlərindən uzaqlaşmasında görmək olar. Məbəs və Məhəmməd (s) peyğəmbər əslində islam dünyasını birləşdirən əsas amildir. Məhz buna görə, Məhəmməd ibni Abdullaha (s) vəhyin gəlməsi və onun peyğəmbər olması müsəlmanlara birlik, firavanlıq və səadət bəxş etməlidir.
Hədislərdə gəlibdir ki, peyğəmbərin göndərilməsindən məqsəd insanların Allahı tanımasıdır. Həzrəti Əlinin (ə) kəlamında gəlib ki sonuncu peyğəmbər, insanların çətinliklərinin aradan qaldırılması, onların üzərində olan zəncirlərin götürülməsi və bəşəriyyətin gizlində qalmış ağıl dəryalarının üzə çıxarılmasına görə göndərilib.
Xəbəri paylaş