Rusiyada “Spar” supermarket şəbəkəsini idarə edən, “İntertorq” ticarət evinin keçmiş şəriki, azərbaycanlı iş adamı Allahverdi Abdullayev Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.
"RegionTV.info" xəbər verir ki, bu barədə “RBC” hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən məlumat verib. Eyni zamanda “İntertorg” şirkətinin keçmiş vəkili və maliyyə direktorunun da saxlanıldığı bildirilir.
Nəşrin həmsöhbətlərinin dediklərinə görə, şirkət işçilərinin tutulması və 30-dan çox axtarış aparılması Rusiya FSB-nin İqtisadi Təhlükəsizlik Xidmətinin “K” şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilib.
İstintaq tədbirləri iri həcmdə fırıldaqçılıqla bağlı cinayət işi çərçivəsində aparılıb. Cinayət işi 2020-ci ilin dekabrında “Sberbank”dan 8 milyard rubl vəsaitin mənimsənilməsi ilə əlaqədar başladılıb.
Məlumatda bildirilib ki, şirkət əməkdaşlarının mənzillərində ümumilikdə 30-dan çox axtarış əməliyyatı həyata keçirilib. Əməliyyatlar Rusiyanın FTX-nin “K” iqtisadi təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən aparılıb.
“Fontanka” nəşrinin verdiyi məlumata görə isə, 50-dən çox ünvanda həyata keçirilən axtarışlar “İntertorq”la əlaqəli iki cinayət işi çərçivəsində baş tutub. İşlərdən birində “Sberbank”dan kredit oğurluğundan söhbət gedir. İkinci cinayət işi isə təqribən 2 milyard rubl dəyərində saxtakarlıq ittihamı ilə “Intertorg” tədarükçüləri tərəfindən irəli sürülüb.
Qeyd edək ki, noyabr ayında Allahverdi Abdullayevin qardaşı, “Intertorg”un digər ortağı olan Müşviq Abdullayevin də axtarışa verildiyi məlum olmuşdu. 1,2 milyard rublluq oğurluq ittihamı ilə başladılan cinayət işində kimin zərərçəkmiş olduğu göstərilməyib. Müşviq Abdullaevin isə axtarılanlar siyahısında elan edildiyi zaman Rusiya xaricində olduğu bildirilib.
Xəbəri paylaş