"RegionTV.info"
Gözdən əlillər üçün inşa edilmiş, açılışına prezidentin də qatıldığı bina ilə bağlı korrupsiya araşdırmaları davam edir.
Söhbət bu binada mənzil almaq adıyla 100 nəfərdən çox adamın aldadılıb ümumilikdə 6.5 milyon manat vəsaitin mənimsənilməsindən gedir. Pul verən adamlara növbəyə götürülmələri haqda Nərimanov rayon İcra Hakimiyyətinin sərəncamı da verilib. İcra hakimiyyətinin hüquq şöbəsinin keçmiş müdiri Yomətdin Şıxəliyev bildirib ki, gözdən əlilliyi olmayan, amma həmin binada mənzil almaq istəyən şəxslərin qeydiyyata salınmasını öz təşəbbüsü ilə etməyib.
Onu bu işə icra başçısının birinci müavini Şahmar İbadov təhrik edib: "O, göstəriş verib, mən də hüquq şöbəsinin müdiri kimi sənədlərə imza atmışam". İbadov icra başçısının müavini olmaqla yanaşı, həm də icra hakimiyyətində imtiyazlı ailələr üçün mənzil növbəsini müəyyənləşdirən komissiyanın sədri olub. O, məhkəmədə şahid qismində dindirilərkən bildirib ki, komissiyanın sədri olsa da, sənədləşmə məsələlərinə hüquq şöbəsi baxıb.
Xəbəri paylaş