Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Yerli dövlət qurumlarında vəzifə "monopoliya"sı - işsiz sakinlər çarəsiz durumda...

Acınacaqlı haldır ki, yerli media orqanlarının gündəlik toxunduğu məsələlərin çoxluğunu məmur özbaşınalıqları, karrupsiya faktları və sair bu kimi ölkə adına utanc gətirən, əhali arasında böyük narazılıq yaradan problemlər təşkil edir.

Ölkə başçısı cənab İlham Əliyev bu kimi halların qarşısını almaq məqsədilə yaxın keçmişimizdə böyük kadr islahatları həyata keçirmək üçün müvafiq göstərişlər verilmişdir. Lakin, bütün bunlara baxmayaraq hələ də məmurların özbaşınalığı, yerli icra orqanlarının öz işini düzgün icra etməməsi, vətəndaşlara qarşı laqeydliyi əli hər yerdən üzülən sakinləri çarəni yerli media orqanlarında axtarmağa məcbur edir.

Regionlarda yaşayan sakinlərin yerli İcra Hakimiyyətləri və digər yerli dövlət qurumlarına müraciətlərinin əsasını işsizlik problemi təşkil edir.

Ancaq, təəssüflə qeyd edirik ki, əksər yerli icra orqanları səlahiyyətləri daxilində olan dövlət idarələrini monopoliyaya çeviriblər.

Bu cür problem yaşayan ailələrdən biri də Ağsu rayon Abasxanlı kənd sakini Məmmədzadə Cavidin ailəsidir.
"RegionTV.info"  xəbər verir ki, C. Məmmədzadə DogruXeber.az İnformasiya agentliyinə müraciətində bildirir ki, 7 nəfərlik ailə üzvləri ilə işsiz, acınacaqlı vəziyyətdə yaşayırlar. Ailənin tək qazanc gətirəni Cavid Məmmədzadə tikintidə işləyən zaman yıxılıb, qolundan zədə aldığı üçün artıq ağır işdə işləyə bilmir. Bu səbəbdən də C. Məmmədzadə anası Məmmədova Rəsmiyyə Nurulla qızının kənddə bir işlə təmin olunması üçün yerli İcra hakimiyyətinə müraciət edib. İcra hakimiyyəti isə tək iş yeri olaraq onu hər hansı bir texniki işlə təmin olunması üçün Abasxanlı kənd orta məktəbinə yönləndirib.

Məktəb direktoru isə məktəbdə iş olmadığını bildirib. Halbuki, məktəb direktorunun öz ailəsi və həyat yoldaşının qohumları hazırda həmin məktəbdə çalışırlar. Bir ailənin 3-4 üzvünün kənd orta məktəbində işlə təmin olunduğu halda, 7 nəfərlik heyəti ilə işsiz qalan aztəminatlı ailənin bir üzvünə "iş yoxdur" cavabı verilir ki, bu da yuxarıda qeyd etdiyimiz monopoliyanın sübutudur.

Məsələ ilə bağlı Təhsil Şöbəsinin müdiri Aqil müəllim İlə əlaqə saxlayıb məsələyə münasibət bildirməsini xahiş etdik. Aqil müəllim isə vəzifəyə yeni təyin olunduğunu və məsələdən xəbərdar olduğunu, lakin məktəbdə iş olmadığı üçün M. Rəsmiyyə xanıma kömək edə bilməyəcəyini bildirdi.
Vətəndaşların problemləri ilə yerli dövlət qurumları maraqlanmadığı üçün, onlar Ölkə başçısına müraciət etməyə məcbur qalırlar.  Əgər bütün vətəndaşların problemləri ilə Ölkə başçısı şəxsən məşğul olmalıdırsa, o zaman Yerli İcra orqanları, dövlət qurumları nəyə və kimə xidmət edir?!

Bu günə qədər bu cür işinə məsuliyyətsiz yanaşan İcra orqanlarının siması ortaya çıxınca "sandıq"larından nələr çıxdığının da az şahidi olmadıq.
Görünür onlar sahib olduqları vəzifənin borclarının nədən ibarət olduğunu yanlış anlayırlar. Əks halda özlərinə deyil, dövlətə və vətəndaşa xidmət edərdilər.

Mövzu ilə bağlı adıçəkilən qurumların da mövqeyini dinləməyə və dərc etməyə hazırıq.
Məsələni diqqətdə saxlayacağıq.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də