Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Polis Vasif Talıbovu niyə cərimə etmədi? - Virus qələt eləyir da bə...


"RegionTV.info"
Biz Vasif Talıbovun kanatdakı görüntülərinin təsirindən çıxmamış əlahəzrət Bakıda zühur elədi. Özü də maskasız. O “kanat filmi” yadınızda? Xan əlahəzrətləri və oğlu qabaqda gedir, arxada isə dörd general. Generallar basabas şəraitində kanatın bir qolunda irəliləyir, dördünün də ağzında maska. 

Amma Vasif bəy və oğlu bir kanat qolunda, həm də maskasız. Bu dəfə isə səhərin gözü açılmamış, Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahına gəldi, yanındakı cangüdəni ilə birgə. Ədalı, havalı və üzündə osmanlı abilər demiş, “nə haber ulan, fakirlər” ifadəsi ilə. Ölkə olaraq yenə heyrətlərə düşdük. Pandemiya, koronavirus, sosial məsafə... məlum oldu ki, müəllim üçün keçərli deyil. Virus qələr eləyir da bə...

Təxminən belə bir fəlsəfə. Bəs yaxşı, mən açıq havada maskasız gəzəndə polis niyə başımın üstünü kəsdirir? Həyat yoldaşımla eyni maşında maskasız gedəndə niyə yolda saxlayıb, cərimələməyə çalışırlar? Virus xanı görəndə uzaq qaçır? Yoxsa xan virusu öldürür? Nədir bu məntiq?

Hələ də ölkə olaraq onun şokundayıq ki, toplantıların qadağan olduğu bir zamanda o boyda qurultay necə, hansı şəkildə baş tutdu? Bir jurnalist də içəri buraxılmadı, bir canlı yayın da verilmədi içəridən. Gərçi, bəzi özünə bloger deyib, şüvən jurnalistikanı dəb salanların canlı yayım etməyindənsə, cəmiyyət olaraq informasiyasız qalmağımız məsləhətdi. Amma mənə Naxçıvan xanının qurultay binasından çıxıb, maşına minərkən yaşadıqları, daha doğrusu, yaşatdıqları çox təsir elədi. 

Təsəvvür edin, müəllim binadan çıxır, sürücü və cangüdənlər ordusu ilə. Jurnalistlər gözləyir, köməyə möhtac bir qadın maşınının yanında dayanıb, yalvarır. Sürücüsü az qalır qadını tapdasın, cangüdənləri jurnalistlərin belinə çıxır. Nə var, nə var, xan maşına minəcək. Niyə də, niyə? Humanizm deyilən bir şey yoxmu bu məmurların içində? O yalvaran qadını bir dəqiqə dinləmək, lap cibinə pul qoymaq, jurnalistlərə iki-üç kəlmə demək bu qədərmi çətindir? Xüsusən də ölkədə cəsarətli sual verən jurnalistlərin nəsli, soy-kökü tükənməkdə ikən... Uzaqbaşı, bir-iki kəlmə qurultayla bağlı informasiya, niyə maska taxmaması ilə bağlı izahat, Qarabağ savaşı, beşinci kalon, yeni yapılanma barədə danışa bilərdi...

Bilərdimi? Bax, məsələ də budur da. Gerçəkdən də bir məşhur filosofun da dediyi kimi, bir çox susqunluqlar əslində əsalətdən yox, cəhalətdən xəbər verir. 20-ci əsrə “iks iks əsr” deyən məmurların, pandemiyaya "pandemiNya", revanşa "revanarş" deyən siyasətçilərin əhatəsindəyik... Elə bilirsiz məntiqli çıxış edib, özünü biabır etməmək asan məsələdir?

Heç nə demirəm, xan həzrətləri barı maskanı niyə taxmadığını desəydi...

Əslində bir mənada simvolik mənzərədir. Azadlıq rəmzidir bir yerdə. Üsyandır, zəncirləri qırmaqdır-falan. Hansı birimiz küçədə gedəndə maskanı ağzımızdan çıxarmaq istəmirik ki? Küçə boyu maska taxıb, ağzına qədər insanla dolu marketə, kafe-restorana girən kimi maskanı çıxaran camaatıq. Üstəlik, köpəkoğlunun cəriməsi. Kasıb adamlarıq, üçün-beşin hesabını aparırıq. Maskaya görə bir cərimə ödəmək həmin ay hansısa problemin həll olunmaması deməkdir. Amma müəllim bütün hallarda bizdən azaddır.

Üstəlik, "parası qədər konuşur". Yəni, cəriməyə ödəyəcək parası da var, deyəcək sözü də. Siz öz dərdinizi çəkin...

Bizimsə dərdimiz odur ki, müdrik, əlahəzrət Operativ Qərargah hələ də metroları üzümüzə açmır. BakuBus-un o sol zolağı bron edən avtobuslarında bir-birimizin az qala belində mənzil başına çatırıq. Pik saatlarda dayanacaqlara baxın, intizarla avtobus yolu gözləyən yüzlərlə insan olur orda. Sərnişin sayı ilə bağlı tənzimləmə yox, norma yox, sosial məsafəni gözləyən yox. Bütün məsuliyyətimlə deyirəm, əgər bu gün koronavirusa yoluxma statistikasında bir artım varsa və artıq yaxın ətrafımıza qədər bu bəla yenidən yayılıbsa, bunun bir nömrəli səbəbkarı ictimai nəqliyyatı bu vəziyyətə salanlardır.

Üstəlik, bu gün də daxil, üç gün bütün ictimai nəqliyyat (əslində isə sadəcə avtobuslar) fəaliyyətini dayandırıb. Tramvayımız yox, trolleybusumuz yox. İctimai nəqliyyat sözünü də elə ağızdolusu deyirlər ki. Nəysə, o taksi, o sən, min get – fəlsəfə budur.

Soruşan yoxdur ki, ay bacı, ay qardaş, sənin taksiyə verməyə pulun varmı? Gün ərzində iki məkana baş çəkməli və daha sonra evinə dönməlisənsə, bu, sənin təxminən 4 dəfə taksi xidmətindən istifadə etmən deməkdir. Üç deyil, beş deyil, bu vəsaiti dövlət kompensasiya olaraq sənə ödəyirmi? Yollar ana-baba günü, maşınlar saatlarla tıxacda. Dünənə qədər maşını olduğu halda işə avtobus, metro ilə gedən adamlar belə yenidən maşına qayıdıblar. Onları seçimsiz qoyan Operativ Qərargahdır.

İndi kimi dindirirsən, deyir, toya icazə vermirlər, amma hakim partiya toy kimi qurultay keçirir. Niyə? O ki toplantı keçirmək yasaq idi, onda Ramiz Mehdiyevi, Siyavuş Novruzovu idarə heyətindən niyə kənarlaşdırdız? Heç kimə sirr deyil ki, onlar yaydakı məşhur nəvə toyunun güdazına gediblər. O məşhur mahnının “Birisinin xatirinə hamısına qurban mən olum”, misralarındakı məntiqin əksinə olaraq, bir-ikisinin cəzalandırılmasına görə qosqoca toplantı, onlarla insan dəyişdirildi idarə heyətində.

Necə deyərlər, toydan toya fərq var. Bir var məmura toy tutasan, bir də var camaata... İncə fərq var, həm də...

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də