Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Dövlət başçısı: “Azərbaycan özü BMT qətnamələrinin icrasını təmin edərək ərazi bütövlüyünü bərpa etdi”

“Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərlə münasibətlərinə böyük əhəmiyyət verir. Bu gün burada İqtisadi Əməkdaşlıq Təşkilatının Tədqiqat Mərkəzinin nizamnaməsini imzalayacağıq. Biz Azərbaycanın mərhum Prezidenti Heydər Əliyevin təşəbbüsünü dəstəklədiklərinə görə üzv dövlətlərə minnətdarıq və Azərbaycanda yerləşəcək Mərkəzin səmərəli fəaliyyəti üçün əlimizdən gələni edəcəyik”.

"RegionTV.info"   xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 4-də İqtisadi Əməkdaşlıq Təşkilatının XIV onlayn Zirvə toplantısında çıxışında deyib.

Prezident bildirib ki, 2020-ci ildə Azərbaycan öz torpaqlarının Ermənistan tərəfindən 30 ilə yaxın davam edən işğalına hərbi-siyasi yollarla son qoydu: “Ermənistan üzərində döyüş meydanında əldə edilmiş hərbi zəfər siyasi yollarla tam təmin edildi.

BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş və Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələri 27 il kağız üzərində qalmışdı. Azərbaycan özü həmin qətnamələrin icrasını təmin edərək ərazi bütövlüyünü bərpa etdi. İşğalçılar qədim Azərbaycan torpağı olan Qarabağdan qovuldu. 44 gün ərzində Ermənistan ordusu tam darmadağın edildi. 10 noyabr 2020-ci il tarixində Azərbaycan Ermənistanı kapitulyasiya aktı imzalamağa məcbur etdi”.

Azərbaycan Prezidenti deyib ki, müharibə başlayan kimi bizi dəstəkləyən ilk ölkə qardaş Türkiyə oldu: “Əziz qardaşım, Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın açıqlamalarını və onun siyasi və mənəvi dəstəyini yüksək qiymətləndiririk.

27 və 28 sentyabr tarixlərində qardaş Pakistan və Əfqanıstan Ermənistanı işğala son qoymağa, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini icra etməyə çağırmış və Azərbaycanın ərazi bütövlüyünə öz dəstəklərini ifadə etmişlər.  Mən bizi dəstəklədiklərinə görə onlara dərin təşəkkürümü bildirirəm.

Eyni zamanda müharibə dövründə bizi dəstəkləyən ölkələrin dövlət və hökumət başçılarına da təşəkkür edirəm”, - deyə Prezident İlham Əliyev bildirib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də