Daxili İşlər Nazirliyi (DİN) Bakıda mağazadan 10 min manatlıq telefonlar və motosikletlər oğurlayan şəxslərin videogörüntülərini yayıb.
"RegionTV.info" xəbər verir ki, DİN-in Mətbuat xidmətindən verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinin (RPİ) 27-ci Polis Bölməsinin (PB) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki mağazaların birindən 10 000 manat dəyərində 20 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən əvvəllər dəfələrlə məhkum olunmuş A.Yusifov saxlanılıb.
Saxlanılan şəxsin ətrafında aparılmış tədbirlərlə onun paytaxt sakini Kamil Xasıyevlə birgə Bakı şəhər sakini olan 1 nəfərin mopedini, 2 şəxsin isə “Yamaha” və “Haojue” markalı motosikletlərini qaçırmaları da müəyyən edilib.
Bölmə əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində K.Xasiyev də saxlanılaraq istintaq təqdim edilib.
Faktla bağlı 27-ci PB-də saxlanılan şəxslər barəsində toplanan materiallar Yasamal RPİ-nin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.
"A.Yusifov və K.Xasıyevin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi üzrə polis idarə, şöbə, habelə DİN-in “102” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq məlumat verə bilərlər", - Mətbuta xidmətindən bildirilib.
Xəbəri paylaş