Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına fevralın 28-də keçirilən imtahanda 4 nəfər maksimal (50) bal toplayıb.
Dövlət İmtahan Mərkəzindən RegionTV.info-ya verilən məlumata görə, bakalavrlara məntiqi təfəkkür üzrə 50, informatika üzrə 25 və xarici dil üzrə 25 test tapşırığı olmaqla, ümumilikdə 100 test tapşırığı təqdim olunub. Hər bir sual 1 balla qiymətləndirilib. İmtahan iştirakçılarının yarısı məntiqi təfəkkürü yoxlayan testlər üzrə 26 baldan yüksək nəticə göstərib (median göstəricisi 26.96-ya bərabər olub).
İnformatika fənni üzrə nəticələr o qədər də yaxşı deyil. Bakalavrların yarıdan çoxu 8 baldan aşağı nəticə göstərib (median 7.64-ə bərabər olub), cəmi 1 nəfər bütün suallara düzgün cavab verib.
Xarici dil fənni üzrə dillərdən asılı olaraq müxtəlif mənzərələrin şahidi oluruq. Bakalavrların ingilis və rus dilləri üzrə nəticələri qənaətbəxş, fransız və alman dilləri üzrə nəticələri isə zəif olub. Belə ki, imtahan iştirakçılarının yarıdan çoxu ingilis dili fənni üzrə ən azı 11 (median 11.70-ə bərabər olub), rus dili fənni üzrə ən azı 12 bal (median 12.69-a bərabər olub) toplayıb. Fransız dili və alman dili fənləri üzrə isə bakalavrların yarıdan çoxu müvafiq olaraq, 8 baldan (median 7.86-ya bərabər olub) və 9 baldan (median 8.50-yə bərabər olub) aşağı nəticə göstərib.
Xəbəri paylaş