Koronavirus epidemiyası ilə mübarizə çərçivəsində bəzi Avropa Birliyi ölkələrinin daxili sərhədlərində gördüyü tədbirlər sərbəst hərəkət etməyə imkan verən "Şengen" sistemini təhdid edir.
"RegionTV.info" xəbər verir ki, aralarında Almaniyanın da daxil olduğu bəzi ölkələrin COVID-19-un yeni növlərinin yaratdığı həyəcanla əlaqədar ciddi məhdudiyyətlər tətbiq etməsi "Şengen"in faktiki olaraq dayandırılması ilə nəticələnib. "Şengen" sistemini ayaqda saxlamağa çalışan Avropa Birliyi (AB) Komissiyasının xəbərdarlıqları da heç bir nəticə vermir.
Bir neçə gün əvvəl Almaniya, Belçika, Macarıstan, Danimarka, İsveç və Finlandiyaya tədbirlərin yumşaldılması ilə bağlı xəbərdarlıq edən AB Komissiyasına ilk rədd cavabı Berlindən gəlib. Almaniya, AB Komissiyasının tələbini yerinə yetirməyəcəyini bildirib.
Avstriya və Çexiya ilə sərhədlərində ciddi nəzarətin tərəfdarı olan Almaniya, epidemiyanın ciddiliyinə diqqəti artırıb. Fevral ayından bəzi ölkələrdən Almaniyaya yalnız öz vətəndaşları, yaşamaq səlahiyyəti olanlar, yük maşınları və sərhədə yaxın ərazidə işləyənlərin girişinə icazə verilir.
Xəbəri paylaş