"RegionTV.info"
Silk Way Group şirkətlər qrupuna daxil olan Silk Way Technics fəaliyyətinin 15 illiyini qeyd edir. 2006-cı ildə təsis edilmiş Silk Way Technics şirkəti müxtəlif növ hava gəmilərinin cari təmiri və texniki baxışı üzrə geniş xidmətlər göstərir.
Fəaliyyətinin ilk illərində şirkət əsasən MDB ölkələrinin istehsalı olan hava gəmilərinə texniki xidmət göstərib. Daha sonra Azərbaycana uçuş yerinə yetirən xarici aviaşirkətlərə xidmət etmək üçün sertifikasiya bazasını genişləndirmək ehtiyacı yarandı. Beləliklə, 2010-cu ildə Silk Way Technics Avropa Aviasiya Təhlükəsizliyi Agentliyinin (EASA) sertifikatlaşdırma prosesinə qoşularaq Boeing, Airbus, Embraer, ATR və Gulfstream tipli hava gəmilərinə texniki xidmət göstərmək imkanı əldə etdi. Nəticədə ABŞ, Bəhreyn, Qətər, Küveyt, BƏƏ və bir sıra ölkələrin aviasiya qurumları tərəfindən Silk Way Technics hava gəmilərinə texniki xidmət göstərən bir şirkət kimi qlobal miqyasda tanındı.
Bu gün Silk Way Technics sadəcə Silk Way West Airlines, Silk Way Airlines və Azərbaycan Hava Yollarının (AZAL) təyyarələrinə deyil, eyni zamanda MDB ölkələri, Avropa və Yaxın Şərqin Aeroflot, Etihad, Jazeera Airways, Kuwait Airways, Qatar Airways, Sibir, Ural Airways kimi aviaşirkətlərinə məxsus olan hava gəmilərinə də xidmət göstərir. Silk Way Technics şirkətinin işçi heyəti bilik və bacarıqları beynəlxalq sertifikatlarla təsdiq edilmiş yüksəksəviyyəli peşəkarlardan ibarətdir.
Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Hava Limanı ərazisində yerləşən və Silk Way Technics şirkətinə məxsus 26000 m² sahəsi olan kompleks Xəzər dənizi və Orta Asiya bölgəsində ən böyük anqardır. Ən müasir avadanlıqlarla təchiz edilmiş bu anqarda eyni vaxtda bir neçə təyyarəyə xidmət göstərmək mümkündür.
“Uzun illərin qiymətli təcrübəsi və texniki baza ilə texnoloji infrastrukturun davamlı olaraq müasirləşdirilməsi bizim ən vacib nailiyyətlərimizdir. Məhz bunun sayəsində Silk Way Technics təkcə Azərbaycanın deyil, həmçinin dünyanın digər tanınmış aviaşirkətlərinin hava gəmilərinə əhatəli xidmət göstərir. Təbii ki, əldə etdiklərimizlə kifayətlənmirik və ən yeni növ hava gəmilərinə texniki xidmət göstərmək üçün öz imkanlarımızı davamlı olaraq təkmilləşdiririk”, - deyə Silk Way Technics şirkətinin baş direktoru Emin Səfərov bildirib.
2006-cı ilin iyul ayında təsis edilmiş Silk Way Group dinamik inkişaf edən şirkətlər qrupu olaraq Azərbaycan iqtisadiyyatında aparıcı yerlərdən birini tutur. 2019-cu ildə həyata keçirilmiş struktur dəyişikliyindən sonra Silk Way Group şirkətlər qrupunun tərkibində aviasiya yükdaşımaları və hava gəmilərinə texniki xidmət göstərən üç şirkət – Silk Way Airlines, Silk Way West Airlines və Silk Way Technics fəaliyyət göstərir.
Xəbəri paylaş