Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Kəlbəcərdə İngiltərə, ABŞ və Almaniya şirkətlərinin idarə etdiyi SES-lər var-FOTOLAR

"Artsax" SES ASC-nin səhmlərinin 17,2% -i Ermənistanın Marseldəki fəxri konsulu, İsveçrə mənşəli Vardan Srmakeşə məxsusdur...

"Bundan sonra sözü veririk Azərbaycan Silahlı Qüvvələrinə..."


İşğalçı Ermənistan on illərdir ki, müstəqil(!) respublikamızın 20 faizlik ərazisində ələ keçirdiyi minlərlə qız-gəlinimiz kimi təbiətimizi, meşə, bulaq və çaylarımızı da əsirlikdə saxlamaqda davam edir... Vaxtilə məcralarına, bəndə-divara sığmayan şaqraq dağ çaylarımız  bu gün düşmən əlində zəncirlənib, axar-baxarını itirib və sanki lal-kor bir dustaq həyatı sürür... Onların qarşısını ermənilər istədikləri yerdə kəsir, sularını istədikləri yerə döndərir, balıqlarını istədikləri kimi, elektrik, partlayıcı və s. qeyri-insani vasitələrlə ovlayırlar...

Bu mövzudakı ötən yazımızda  Laçın rayonu ərazisindəki çaylarımız üzərində qanunsuz olaraq tikilən SES-lər və onların oliqarx erməni sahiblərindən bəhs etmişdik. Bu dəfə təqdim etdiyimiz materialda  isə Kəlbəcər rayonundakı çaylarımız üzərində tikilmiş və tikilməkdə olan qeyri-qanuni SES-lərdən danışacağıq... 

Moderator.az-ın araşdırmalarından bəlli olur ki, Xankəndindəki separatçı-terrorçu rejimin iqtisadi rəqabətin tənzimlənməsi üzrə qanunsuz komissiyasının məlumatına görə,  “Şaumyan” adlandırılmış Kəlbəcər rayonu ərazisində 7 kiçik su elektrik stansiyası fəliyyət göstərir.

Həmin SES-lərin sahibləri təsadüfi insanlar deyil, hamısı işğalçı Ermənistanın, Qarabağdakı qondarma rejimin keçmiş və ya indiki məmurları və ya onlarla əlaqəli olan ermənilərdir. 

Əyanilik üçün Kəlbəcərdəki bir neçə SES və onları idarə edən erməni şirkətləri barədə ətraflı məlumat veririk.

“Elite Hydro” (“Elit Hidro”)

Elite Hydro” MMC-nin 25 dekabr 2019-cu ildə verilmiş qanunsuz lisenziyası  2025-ci ilə qədər qüvvədədir. "Elite Hydro" SES-in quraşdırılma gücü - 13,034 min MVt, orta illik enerji istehsalı - 70,5 milyon kvt/saatdır. 
SES-in tikildiyi konkret məkan haqda məlumat yoxdur.  Bölgədə gücünə görə birinci olan SES-i idarə edən şirkətin təsisçi və direktoru Arsen Ağamalyan əvvəllər "Atrium" inşaat şirkətində Mikael Atayanla birgə işləyib.  Qarabağda hər kəs Mikael Atayanın separatçı rejimin keçmiş rəhbəri Bako Saakyanın yaxın adamı olduğunu bilir. Mikael Atayan eyni zamanda “Elite Group” şirkətinin səhmdarı və "Rossiya" restoran kompleksinin direktorudur.

"Visavt" MMC

Növbəti kiçik SES “Visavt” MMC tərəfindən idarə olunur.  Tərtər çayı üzərində, yəqin ki, İstisuya yaxın ərazidə yerləşən  SES "Jermajur" (“İstisu”) adlanır. “Jermajur”un quraşdırılma gücü 12,003 MVt, orta illik enerji istehsalı 83,538 milyon kilovat-saatdır.  Qondarma rejimin nəzarət etdiyi ərazidə  gücü baxımından ikinci, orta illik istehsal baxımından birincidir.

“Visavt” şirkəti 2015-ci ilin aprelində qurulub. Şirkət Ermənistanın keçmiş baş naziri Karen Karapetyan ilə əlaqəlidir. Şirkətin səhmlərinin böyük hissəsi - 60% -i onun qardaşı oğlu 27 yaşlı Vram Karapetyana məxsusdur.

“Jermajur” SES-in qanunsuz lisenziyası 2017-ci ildə verilib və  2027-ci ilədək qüvvədədir. 

Kəlbəcərdəki üçüncü ən böyük SES – “Lev-1” - “Artsax SES” Açıq Səhmdar Cəmiyyətinə aiddir. "Lev-1" Lev çayının sağ sahilində, “Çapni” adlandırılmış kəndlərdən birinin yaxınlığında yerləşir. Qurulma gücü - 7,562 meqavat, orta illik elektrik enerjisi istehsalı - 37,435 milyon kilovat-saatdır. Su elektrik stansiyasının istismarı üçün qanunsuz  lisenziya 2018-ci ilin dekabrından verilib və  2033-cü ilədək “etibarlı” sayılır.

Quraşdırılma gücü 79,5 MVt olan "Artsax SES" ASC  Qarabağda ən böyük hidroelektrik enerji istehsalçısıdır. 2007-ci ildə separatçı xunta rejiminin qərarı ilə qapalı bir səhmdar cəmiyyəti şəklində qurulub. Və rejim təmsil etdiyi şirkətin 100% səhmlərinə sahib olub. Lakin 2008-ci ildə rejimin yeni qərarı ilə “Artsax” SES Qapalı Səhmdar Cəmiyyəti “Artsax SES” Açıq Səhmdar Cəmiyyəti olaraq yenidən təşkil edilib. 

Hazırda “Artsax” SES-də 8 SES-i idarə edir. Onlardan  ən güclüsü Sərsəng su anbarı üzərində qurulmuş 50 MVt-lik SES,  ikincisi isə 7.562 MVt gücündə olan "Lev-1” SES-dir.

Hazırda separatçı rejim rəhbərliyinin  “Artsax” SES-də payı yoxdur. Əvəzində şirkətin üçü xaricdə qeydiyyatdan keçmiş şirkətlər olan dörd böyük səhmdarı var.

"Artsax" SES ASC-nin səhmlərinin 17,2% -nin sahibi "Multikontinental Distribution" MMC-dir. Bunun 75% -dən çoxu Ermənistanın Marseldəki fəxri konsulu, İsveçrə mənşəli bir iş adamı Vardan Srmakeşə məxsusdur. Şirkət İngiltərədə qeydiyyatdan keçib.

“Artsax” SES ASC-nin səhmlərinin 10,4% -i Almaniyada qeydiyyatdan keçmiş “KGAL New Frontiers” şirkətinə məxsusdur. Vladimir Şekoyan şirkətin xüsusi məsləhətçisidir. 2017-ci ildən bəri “Artsax” SES ASC İdarə Heyətinin üzvüdür. Şekoyan, mərkəzi ABŞ-da yerləşən və altı ölkədə ofisləri olan beynəlxalq maliyyə və iqtisadi investisiya şirkəti - “KGAL New Frontiers”-ə rəhbərlik edir.  

“River Energy” SES

Kəlbəcərin Zar kəndi yaxınlığında Qarağac çayının Tərtər çayına töküldüy yerdə  yeləşən və quraşdırılma gücü 4 min meqavat olan SES eyniadlı “River Energy” MMC tərəfindən idarə olunur. 2016-2019-cu illərdə qondarma “müdafiə ordusu”nun keçmiş komandir müavini, “Artsax” “azadlıq” mübarizləri birliyinin sədri general-mayor Samvel Karapetyan “River Energy” MMC-nin səhmlərinin 50% -nin direktoru və sahibi idi. 2019-cu ilin avqust ayından etibarən Samvel Karapetyan payını oğlu Valeri Karapetyana köçürüb. O, eyni zamanda şirkətin direktorudur. 

Bundan əlavə,  Kəlbəcərin“Yexegnut”  adlandırılmış Qamışlı  kəndi yaxınlığında  Lev çayı üzərində  “Tartar Energy”MMC tərəfindən idarə olunan  “Lev-2” SES,  yenə Qamışlı kəndi yaxınlığında Meydan çayı üzərində yeləşən və “Meqaton” şirkəti tərəfindən idarə olunan “Yexeqnut” SES, “Limeston” şirkəti tərəfindən Lev çayın üzərində “Nor Getaşen” ərazisində tikilmiş “Yexeqnut-1” SES-i fəaliyyət göstərir.

Son məlumatlaa görə, hazırda kəlbəcər ərazisində daha 4 SES tikilir. “Artsax” SES tərəfindən Zar kəndi yaxınlığında “Karvaçar” SES,  “Nor Getaşen” kəndi yaxınlığında  “Enerji stroy” şirkəti tərəfindən “Getaşen” SES,  Qamışlı kəndi yaxınlığında  Meydan çayı üzərində eyni adlı şirkət tərəfindən “Mrav” SES,  “General Energy” şirkəti tərəfindən Zar kəndi yaxınlığnda  eyni adlı SES  tikilməkdədir.

P.S. Bundan sonra  sözü veririk Azərbaycan Silahlı Qüvvələrinə...

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də