Mingəçevir, Şirvan, Naftalan şəhərləri və Tovuz, Ağcabədi, Xızı, Salyan, Lənkəran, Yevlax, Cəlilabad, Zaqatala, Xaçmaz, Bərdə, Zərdab rayonlarında notariat fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslərin sənədlərinin qəbuluna başlanılır
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin hərtərəfli inkişafı üzrə aparılan islahatlar çərçivəsində əhaliyə göstərilən hüquqi xidmətlərin keyfiyyətinin yüksəldilməsi və notariat fəaliyyətinin təkmilləşdirilməsi, notariat xidmətlərinə əlçatanlığın asanlaşdırılması məqsədilə müasir innovasiyaların tətbiqi ilə bağlı əməli tədbirlər həyata keçirilir.
Bu sahədə mütərəqqi beynəlxalq təcrübə öyrənilərək qanunvericilik yenilənib, xüsusi notariat institutunun tətbiqi genişləndirilib, "Elektron notariat" informasiya sistemi qurularaq notariat ofisləri vahid şəbəkədə birləşdirilməklə notariat hərəkətlərinin rəsmiləşdirilməsi xeyli sadələşdirilib, məsafədən xidmətlər üçün "Mobil notariat" tətbiqi yaradılıb, səyyar xidmətlər göstərilməsi məqsədilə müasir avadanlıqla təchiz olunan xüsusi çantalar hazırlanaraq notariusların istifadəsinə verilmişdir.
Həyata keçirilən tədbirlər çərçivəsində, həmçinin notariuslar korpusunun şəffaf prosedurlarla formalaşdırılması üzrə ardıcıl işlər davam etdirilir. Bununla bağlı Mingəçevir, Şirvan, Naftalan şəhərləri və Tovuz, Ağcabədi, Xızı, Salyan, Lənkəran, Yevlax, Cəlilabad, Zaqatala, Xaçmaz, Bərdə, Zərdab rayonlarında notariat fəaliyyəti ilə məşğul olmaq istəyən "Notariat haqqında" Qanunun tələblərinə cavab verən ali hüquq təhsilli Azərbaycan Respublikasının vətəndaşları Ədliyyə Nazirliyi tərəfindən növbəti açıq müsabiqəyə dəvət olunur.
İmtahanda iştirak etmək arzusunda olan şəxslər sənədlərini 2020-ci ilin sentyabr ayının 10-dan etibarən Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinə (Bakı şəhəri, Azadlıq prospekti, 72) bütün iş günləri təqdim edə bilərlər. Müsabiqənin birinci mərhələsi – test imtahanı Dövlət İmtahan Mərkəzi ilə birlikdə kompüter vasitəsilə keçiriləcək və nəticələrə dair məlumat namizədlərə dərhal yerindəcə təqdim olunacaqdır.
Xatırladırıq ki, qanunvericiliyin tələblərinə uyğun olaraq test imtahanından zəruri keçid balını toplayan namizədlər növbəti mərhələyə, müsahibəyə buraxılırlar. Müsahibədən uğur qazanan hüquqşünaslar isə Ədliyyə Akademiyasında icbari təlimə cəlb olunurlar, bu zaman onlar həmçinin, notariat fəaliyyəti üzrə təcrübə də keçirlər. İcbari təlimin yekununda aparılan qiymətləndirmənin nəticəsi üzrə notariat fəaliyyəti ilə məşğul olmaq üçün şəhadətnamə verilir.
Bildirilir ki, müsabiqədə iştirak edəcək hüquqşünaslar üçün test imtahanına və söhbət mərhələsinə mükəmməl hazırlaşmalarına köməklik məqsədilə Ədliyyə Akademiyasında xüsusi hazırlıq kursları təşkil olunacaqdır.
Tələb olunan sənədlərin siyahısı, imtahan, müsahibə və icbari təlimin keçirilməsi qaydaları ilə nazirliyin internet saytında (www.justice.gov.az) tanış olmaq, habelə 404-42-28, 404-42-29 nömrəli əlaqə telefonları vasitəsilə məlumat almaq mümkündür.
Test imtahanının vaxtı və yeri, habelə hazırlıq kursunun keçirilməsi barədə əlavə məlumat veriləcəkdir.