Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Fikrət Sadıxov: "Dövlət başçısı vəziyyəti geniş təhlil etdi"

“Dövlət başçısı vəziyyətin dərin, irimiqyaslı təhlilini aparıb, regional təhlükəsizlik də daxil olmaqla bütün mühüm cəhətlərə toxunub”.

"RegionTV.info"  xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi tərəfindən Prezident İlham Əliyevin yerli və xarici media üçün keçirdiyi mətbuat konfransına dair keçirilmiş vebinarda politoloq Fikrət Sadıxov deyib.

İndi Azərbaycanın informasiya blokadasını qırdığını vurğulayan politoloqun fikrincə, dövlət başçısı regionun gələcəyi barədə fikir bildirərək azərbaycanlıların sülhpərvər xalq olduğunu, hətta 30 il ərzində onların torpaqlarını işğal altında saxlamış Ermənistana belə əl uzadaraq region layihələrinə qoşulmağı təklif etdiyini söyləyib.

“Biz Qarabağda ermənilərin azərbaycanlılarla birgə yaşayaraq Azərbaycan dövlətinin nemətlərindən bəhrələnmələrini istəyirik. Prezident həmçinin haqlı olaraq bundan sonra Dağlıq Qarabağ deməyin yersiz olduğunu, Azərbaycanın Qarabağ bölgəsindən bəhs ediləcəyini bildirib. Bundan sonrakı məqsədimiz infrastrukturu, yolları bərpa etmək, hava limanı tikməkdir. Bununla yanaşı, azərbaycanlı sakinlərin Qarabağa qayıtmaları da mühüm məsələdir. Prezident İlham Əliyev də bu məsələdə tələskənliyə yol verilməməsini qeyd edərək xatırladıb ki, azərbaycanlılar oradan didərgin salınmışdı, indi qayıtdığımız bölgədə bütün infrastruktur dağıdılıb”, – o vurğulayıb.

F.Sadıxovun sözlərinə görə, erməni siyasətçilər arasında qisasçılığın geniş vüsət alması vəziyyəti daha da gərginləşdirir: “Azərbaycan hadisələrin bu məcrada inkişafına hazırdır və bir daha öz ərazisini işğal etməyə qoymaz. Bunu Ermənistanda dərk etməlidirlər. Yox, əgər bu qisasçı şüarlar onlara yalnız hakimiyyətə gəlmək üçün lazımdırsa, öz işləridir”.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də