Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Tanışını öldürən şəxsə hökm oxunub - VİDEO/FOTO

Pirallahı rayonunda qətl törədən şəxs 13 il müddətinə həbs edilib.

"RegionTV.info"  xəbər verir ki, 2017-ci il iyunun 8-i saat 22 radələrində Pirallahı RPŞ-yə Bakı şəhər sakini, 1986-cı il təvəllüdlü Nəsir Əkbərovun bıçaq xəsarətləri ilə 18 saylı təcili tibbi yardım stansiyasına daxil olması, oradan isə 3 saylı şəhər xəstəxanasına aparılması məlumatı verilib.

Hadisənin eyniadlı qəsəbədə, Əzizbəyov küçəsindəki 4 və 5 saylı binaların arasında baş verməsi aydınlaşdırılıb. Sakinlərlə əməliyyat xarakterli söhbətlər aparılarkən Əkbərovu bıçaqla vurub öldürən şəxsin Fioletov küçəsi, ev 20, mənzil 14 ünvanında kirayənişin yaşayan, Lənkəran şəhər sakini Zahid Məmiyev olması müəyyən edilib. Hadisədən 1 saat sonra şübhəli şəxs qəsəbə ərazisində saxlanılıb.

Rayon prokurorluğunda CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. “VAZ 2108” markalı avtomobilə baxış zamanı sağ yan şüşənin dibindən 1 ədəd bıçaq aşkar edilərək götürülüb. Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, Nəsir Əkbərovun ölümünə sol ağ ciyərin və ürəyin zədələnmələri nəticəsində törənən kəskin qan itirmə səbəb olub.

İstintaqla müəyyən edilib ki, iyunun 8-i saat 22 radələrində Zahid Məmiyev idarə etdiyi “VAZ 2108” markalı avtomobillə Pirallahı qəsəbəsi, Əzizbəyov küçəsində hərəkətdə olarkən 4 saylı binanın yaxınlığında tanışı Nəsir Əkbərovla rastlaşıb. Nəsir kinayəli şəkildə ona təxminən 1 ay əvvəl qardaşı Elçin Məmiyevin döyülməsi ilə bağlı qəsəbədə söz-söhbətlər gəzdiyini dedikdə Zahid məişət təyinatlı bıçağı götürüb, əsəbi halda avtomobildən düşüb. Əvvəlcə yumruq və təpiklə Nəsirə bədən xəsarətləri yetirib. Sonra isə kəsici alətlə ardıcıl zərbələr endirərək onu xuliqanlıq niyyəti ilə qəsdən həyatdan məhrum edib.

Təqsirləndirilən şəxs qismində dindirilmiş Zahid Məmiyev bildirib ki, 2003-cü ildə oğurluq əməlinə görə Ağır Cinayətlərə dair işlər üzrə məhkəmənin hökmü ilə 7 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunub. 2010-cu ildə azadlığa buraxılıb.
Lənkəran şəhər sakini Tünzalə İsmayılova ilə ailə həyatı qurub, Pirallahı rayonunda kirayə evdə yaşayıb. Özünə məxsus qayıqla dənizdə balıq ovu ilə məşğul olub.

Nəsir Əkbərovu 2014-cü ildən tanıyıb, onun qardaşı, balıqçı Elçin Məmiyevlə birlikdə işləyib. İyunun 8-i saat 21:30-da avtomobillə Əzizbəyov küçəsi ilə gedərkən qəflətən Nəsir qarşısına çıxıb.
Yumruğu ilə maşının mühərrik örtüyünün üzərinə bir dəfə vurub. Zahid avtomaşını saxlayıb, ondan nə səbəbə görə maşına vurduğunu soruşmaq istəyib.

Daha sonra onlar arasında mübahisə yaranıb. Lakin söz davası əlbəyaxa davaya çevrilib. Daha sonra məlum cinayət hadisəsi törədilib. Daha sonra Zahid qardaşının evinə gedib. Zahid Məmiyev qardaşına Nəsirlə dalaşdığını deyib, amma onu bıçaqladığını bildirməyib. Oradan çıxıb, piyada Pirallahı RPŞ-yə yollanıb.

Məhkəmə hesab edib ki, təqsirləndirilən şəxsin əməli CM-nin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsindən 120.1-ci maddəsinə tövsif edilməli və ona həmin maddə ilə cəza təyin edilməlidir.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Z.Məmiyev 13 il müddətinə azadlıqdan məhrum olunub.

QALEREYA

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də