Son həftələr koronavirusa yoluxma sayında tənzimlənən volatilliyin müşahidə edilməsi epidomoloji qaydaların icrasına nəzarəti gücləndirməklə digər sektorlarda da iqtisadi fəaliyyətin bərpasını gündəmə gətirir.
"RegionTV.info" bildirir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü olan deputat Vüqar Bayramov deyib.
O bildirib ki, xüsusən də idman zallarının yeni qaydalar çərçivəsində fəaliyyətinin bərpası məqsədə uyğun olardı.
Millət vəkili əlavə edib ki, toy mərasimlərin bərpası ilə bağlı uzun müddət müzakirələrin aparılmasına baxmayaraq, bu sahədə hələ də yumşalmalara gedilmir:
"Daha yaxşı olardı ki, bəlli standartlar ilə bu sahədə də aktivlik bərpa edilsin. Rəsmi statistikaya görə, turistlərin yerləşdirilməsi və ictimai iaşə sektorunda 78,2 min, istirahət, əyləncə və incəsənət sahəsində isə 81,5 min vətəndaş çalışır. Ümumilikdə ictimai iaşə və xidmət sektoru ilə bağlı olan sözügedən iki sahədə 160 minə yaxın rəsmi çalışan işçi var. Ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində isə 706 min vətəndaşımız işlə təmin olunub. Göründüyü kimi, bu sahələrdə yumşalmalar məşğulluq baxımdan da vacib hesab olunur”.
Vüqar Bayramov sözlərinə görə, Mərkəzi və Şərqi Avropa ölkələrinin təcrübəsi göstərir ki, pandemiyaya qarşı mübarizədə karantin qaydaları qədər standartların müəyyənləşməsi, onlara nəzarət və əməl edilməsi də vacibdir:
"Buna görə də, iqtisadiyyatın digər sektorlarının faəliyyətinin bərpası kontekstində həm qaydalara nəzarətin güclənməsi, həm də hər birimizin bu qaydalara əməl etməsinə ehtiyac var. Yalnız bu halda həm yoluxma sayını azaltmaq və lokallaşdırmaq, həm də mərhələli şəkildə bütün sferalarda iqtisadi fəaliyyəti bərpa etmək mümkündür”.
Xəbəri paylaş