Martın 1-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Belarus Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Andrey Ravkov ilə görüşüb.
"RegionTV.info" Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, səfiri ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edən Müdafiə naziri Azərbaycan ilə Belarus arasında əməkdaşlığın genişləndirilməsi sahəsində ona uğurlar arzulayıb. General-polkovnik Z.Həsənov Belarusun sabiq müdafiə nazirinin Azərbaycanda səfir təyin edilməsinin ölkələrimiz arasında qarşılıqlı faydalı hərbi və hərbi-texniki əməkdaşlığın daha da inkişaf etdirilməsinə təkan verəcəyinə əminliyini ifadə edib.
Müdafiə naziri Azərbaycanın Belarus ilə bütün istiqamətlərdə, o cümlədən hərbi sahədə əməkdaşlığa böyük əhəmiyyət verdiyini qeyd edərək, hər iki ölkə arasında hərbi-texniki əməkdaşlığın daha da inkişafı üçün geniş imkanların olduğunu vurğulayıb.
Öz növbəsində, səfir ölkəmizdə diplomatik fəaliyyətə başlamasından məmnun olduğunu bildirib və Azərbaycan-Belarus münasibətlərinin, xüsusilə hərbi sahədə əlaqələrin inkişaf etdirilməsində səylərini əsirgəməyəcəyini qeyd edib.
Müxtəlif sahələrdə münasibətlərin genişləndiyini qeyd edən səfir bildirib ki, Belarus da Azərbaycan ilə hərbi sahədə ikitərəfli əlaqələrin inkişafında maraqlıdır və bunun üçün lazımi potensial mövcuddur.
Müzakirələr zamanı ikitərəfli hərbi əməkdaşlığın və hər iki ölkənin müdafiə nazirlikləri arasında qarşılıqlı əlaqələrin daha da inkişaf etdirilməsinin zəruriliyi qeyd edilib.
Xəbəri paylaş