Qlobal iqtisadiyyat koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar yaranmış böhrandan sonra bərpa olunmaqdadır, lakin bu ilin sonuna qədər dünya ölkələri yeni problemlərlə üzləşə bilərlər.
Bu barədə “Bloomberg” agentliyi rəy aldığı ekspertlərə istinadən yazıb.
Avstraliya Milli Universitetinin professoru Uorrik Makkibbinin sözlərinə görə, 2025-ci ilə qədər pandemiya dünya iqtisadiyyatına təxminən 35 trilyon ABŞ dolları ziyan vura bilər. “İqtisadi itkiləri azaldana qədər dünya əhalisinin kifayət qədər böyük hissəsi peyvəndlənməlidir. Amma peyvəndin qlobal miqyasda istifadəyə verilməsi üçün çox vaxt lazım olacaq”, - deyə o söyləyib.
Bundan başqa, yazıda bildirilir ki, dünyanın aparıcı iqtisadiyyatlarına malik ölkələr dəstək tədbirlərinə trilyonlarla dollar pul qoyub. Son nəticədə Almaniyada istehsal artmaqdadır, Çin iqtisadiyyatı bərpa olunur, ABŞ-da işsizlik azalır.
“Geridönüşün pikini yaşayırıq. Bu andan etibarən impuls azalacaq”, - deyə “Pacific Investment Management”in qlobal iqtisadiyyat üzrə məsləhətçisi Yoahim Fels bildirib.
Mütəxəssislər hesab edirlər ki, hazırda yaşanan iqtisadi artımı qoruyub saxlamaq asan olmayacaq. Hökumətlər iqtisadiyyatları dəstəkləmək üçün səylərini davam etdirməlidir, lakin onların bir çoxu artıq elə indi “antivirus” dəstək tədbirlərini dayandırmağa hazırdır.
Agentliyin mütəxəssisləri doğru strategiya seçmiş ölkə kimi İsveçi nümünə göstəriblər. Bu ölkə sərt məhdudiyyətlər tətbiq etməkdən imtina edən azsaylı ölkələrdən biri idi.
ÜST-nin xüsusi elçisi David Nabarro sərt karantinin vətəndaşların və kiçik biznesin gəlirlərinə ciddi şəkildə təsir edən “kobud alət” olduğunu qeyd edib. “Capital Economics”in eksperti Devid Okslinin fikrincə isə, 2020-ci ildə İsveçdə ÜDM-in 7% səviyyəsində azalacağı gözlənilirsə, digər ölkələrdə bu göstəricinin 30%-ə qədər azalacağı ehtimal olunur. Eyni zamanda İsveçdə COVID-19-dan ölənlərin sayı qonşu Danimarkaya nisbətən çoxdur. Cons Hopkins Universitetinin məlumatlarına görə, İsveçdə 5,8 min nəfər (84,9 min yoluxma ilə), Danimarkada isə 627 nəfər (18,3 min yoluxma ilə) ölüb.
Xatırladaq ki, bu ilin II rübündə Aİ ölkələrinin ÜDM-i illik ifadədə 14,4% azalıb.