Azərbaycan Tibb Universitetinin əməkdaşları beynəlxalq elmi qrant müsabiqəsində qalib seçiliblər. ATU təmsilçiləri Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu “Türk Dünyası Araşdırmaları” məqsədli 1-ci Azərbaycan-Türkiyə (“AzTürk-1”) beynəlxalq qrant müsabiqəsində uğurla iştirak ediblər. Elmin İnkişafı Fondunun Türkiye Bilimsel ve Teknolojik Araştırma Kurumu (TÜBİTAK) ilə birdə elan etdiyi müsabiqəyə 9 layihə təqdim olunub və onlardan yalnız 2-si yüksək bal toplayıb.
Qalib çıxan 2 layihədən biri Bakı Dövlət Universiteti, Azərbaycan Tibb Universiteti və Türkiyənin Yıldız Texniki Universitetinin alimlərindən ibarət müvəqqəti yaradılmış komandanın təqdim etdiyi layihə olub. Azərbaycanlı və türkiyəli alimlər “Yeni peptid əsaslı antimikrobial agentlərin dizaynı və in vitro/in vivo öyrənilməsi (№ EIF-BQM-5-AzTurk-1-2018-2(32)-410)” mövzusunda layihə ilə müsabiqədə qalib çıxıblar.
Layihənin rəhbəri Bakı Dövlət Universitetinin Üzvi kimya kafedrasının professoru Ü.Ə. Həsənovadır. Layihənin lazımi səviyyədə hazırlanması və maliyyə dəstəyi ilə təmin olunmasında Ü.Həsənovanın böyük əməyi olduğu xüsusilə qeyd edilməlidir. Layihə heyətinə ATU-dan Histologiya, embriologiya və sitologiya kafedrasının müdiri, prof. E.K. Qasımov və ETM-in Elektron Mikroskopiya şöbəsinin b.e.i., b.ü.f.d. F.H. Rzayev daxildir. Tərkibində peptid qalığı olan taclı efirlərin və antimikrobial peptid ilə modifikasiya olunmuş taclı efirlərin maqnit xassəli dəmir oksid (Fe3O4) nanohissəcikləri və biouyumlu polimer (PHPMA) ilə komplekslərin əsasında əldə edilən nanosupramolekulyar strukturların bioloji aktivliyi (histoloji və elektron mikroskopik üsullarla) ATU-da öyrəniləcək.