Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı ağır vəziyyətinə görə Prezident Adminstrasiyası qarşısında özünü yandırmağa cəhd göstərən ikinci qrup Qarabağ müharibəsi əlili, Qarabağ qazisi Nəsimi Dadaşlı ilə bağlı prezident İlham Əliyevə müraciət edib.
Müraciətdə göstərilərir: “ İkinci qrup Qarabağ müharibəsi əlili, bir neçə gün əvvəl özünü Prezident Adminstrasiyası qarşısında yandırmağa cəhd göstərən Qarabağ qazisi Dadaşlı Nəsimi Qəmbər oğlunun ağır vəziyyəti ilə bağlı Sizə müraciət edirik. Nəsimi Dadaşlı 1993-1994-cü illərdə Ağdərə, Murovdağ istiqamətində döyüşlərdə iştirak edib, 1993-cü ildə Çaylı döyüşlərində ağır yaralanıb, buna baxmayaraq 1997-ci ilə qədər cəbhə bölgələrində hərbi xidmətini davam etdirib. Səhhətində ciddi problemlər var, işsizdir, ağır sarsıntı və ruh düşgünlüyünə düçar olub. Dörd azyaşlı uşağı var, ailəsini dolandıra bilmir, ən əsası da yaşamağa yeri yoxdur, 20 ildən çoxdur daxmalarda kirayələrdə yaşayır, artıq son aylarda kirayə haqqını da verə bilmir. Onun yaşayış yeri ilə təmin olunmasına ciddi ehtiyacı var. Bu problem həll olunmasa özünü yandıracağını deyir. Elə sentyabrın 4-də Prezidnet Adminstrasiyasının qarşısında özünü yandırmağa cəhd edib, mühafizəçilər və polis imkan verməyib. Nəsimi Dadaşlı müraciət etmədiyi yer, idarə, nazirlik qalmayıb, amma heç bir mübət nəticə yoxdur. Sizin Qarabağ əlillərinə, şəhid ailələrinə, veteranlara qayğınızı bilir və xahiş eidirik ki, Qarabağ qazisi Nəsimi Dadaşlını, onun 4 körpəsini, ailəsini köməksiz qoymayasınız, onun yaşayış yeri, mənzillə təmin olunması üçün tapşırıq verəsiniz”.