Sentyabrın 6-da saat 05 radələrində Tərtər rayonu, Şıxarx kəndi ərazisində kənd sakini 1990-cı il təvəllüdlü Röyalə Tağıyevanın yaşadığı evdə meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.
Tərtər rayon prokurorluğundan verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, digər prosessual hərəkətlər yerinə yetirilmişdir.
Aparılmış araşdırmalarla zərərçəkmişin keçmiş əri 1984-cü il təvəllüdlü Səlim Əsədovun qısqanclıq zəminində aralarında yaranmış münaqişə zamanı Röyalə Tağıyevanı boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
Faktla bağlı Tərtər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.
Səlim Əsədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.