Gəncə Şəhər Baş Polis İdarəsinin(ŞBPİ) Nizami rayon Polis İdarəsinin (RPİ) əməkdaşlarının peşəkarlıqla keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində naməlum şəraitdə baş vermiş quldurluq hadisəsini törədən şəxsin kimliyi məlum olub.
"RegionTV.info" xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə RPİ-nə fevral ayının 22-də səhər saat 5 radələrində bir nəfər maskalı, naməlum şəxsin şəhər ərazisindəki yanacaq doldurma məntəqələrindən (YDM) birinə basqın edərək, əlindəki bıçaqla YDM əməkdaşından pul tələb etməsi, istəyinə nail olmadıqda isə YDM-nə benzin tökərək yandırmağa cəhd etməsi barədə məlumat daxil olub.
Polis əməkdaşları dərhal hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. Keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində quldurluq hadisəsini törətməkdə şübhəli bilinən şəhər sakini, 28 yaşlı Ruslan Tağıyev maddi sübutlarla birlikdə saxlanılaraq istintaqa təhvil verilib. Dindirilmə zamanı törətdiyi cinayət hadisəsini etiraf edən R.Tağıyev barəsində ŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb araşdırmalar davam etdirilir.
Xəbəri paylaş