"RegionTV.info" xəbər verir ki, bu barədə Azərbaycanın İsveçrədəki səfirliyi məlumat yayıb.
Bildirilib ki, bu məqsədlə səfirliyin dəstəyi və Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzinin rəhbəri Q. Nəsirovun təşkilatçılığı ilə İsveçrə Konfederasiyasının şəhərlərində “Xocalı Həftəsi” təşkil edilib.
“Xocalı Həftəsi” çərçivəsində Xocalı soyqırımı nəticəsində qətlə yetirilən uşaqların şəkillərindən ibarət insan ölçüsündə olan qalın dayanacaqda hazırlanmış manikenlərdən ibarət sərginin İsveçrənin şəhərlərində göstərilməsinə başlanıb. Artıq ilk tədbir bu gün Cenevrə şəhərinin mərkəzi meydanında baş tutub.
Qeyd olunur ki, maketlərin üzərində qətlə yetirilmiş uşaqların şəkilləri və maketlərin sinəsində Xocalı faciəsinin tarixini göstərən QR kodlar yerləşdirilib. Eyni zamanda, maketlərin üzərində broşurlar üçün xüsusi yer ayrılıb və bir tərəfində Xocalı soyqırımı ilə bağlı məlumat, digər tərəfində isə sülhü təmsil edən oriqami əks olunan broşurlar hazırlanıb. Burada da məqsəd bütün yaşdan olan sakinlərin, xüsusilə uşaqların diqqətini cəlb etməkdir. Broşurların üzərində “How much more evidence do you need to recognize Khojaly Genocide?” ifadəsi yer alıb.
Cenevrədə baş tutan sərgi sakinlər tərəfindən böyük maraqla qarşılanıb. Onlara Xocalı faciəsi ilə bağlı ətraflı məlumatı özündə ehtiva edən broşurlar təqdim edilərək erməni vandalizminin qınanılmasının vacibliyi qeyd olunub.
Səfirlikdən verilən məlumata əsasən, eyni kontekstli sərgi Bern, Sürix və Bazel şəhərlərinin mərkəzi meydanlarında da keçiriləcək.
Qeyd olunur ki, COVİD-19 pandemiyası ilə əlaqədar irimiqyaslı tədbirlərin həyata keçirilə bilmədiyi dönəmdə bu formatlı tədbirlərin keçirilməsinin məqsədəuyğunluğu nəzərə alınıb.
QALEREYA