Vəzifəli şəxsin səlahiyyətlərini mənimsəməklə vətəndaşların hüquqlarını pozan şəxslərin ifşa edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində prokurorluq orqanları tərəfindən həyata keçirilən məqsədyönlü tədbirlər davam etdirilir.
"RegionTV.info" xəbər verir ki, Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Belə tədbirlərdən biri kimi, Cəfərov Süleyman Xanlar oğlunun qanunsuz hərəkətləri barədə daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan araşdırma nəticəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmışdır.
Aparılmış istintaq-əməliyyat tədbirləri ilə Süleyman Cəfərovun 2020-ci ilin avqust ayında özünü dövlət orqanın rəhbər vəzifəli şəxsi kimi təqdim edərək həmin orqana qulluğa qəbul olunmaq üçün müraciət edən şəxsə müsabiqədə iştirak etmədən işə qəbul edilməsinə köməklik göstərilməsinə dair yalan vəd verərək guya səlahiyyətli rəhbər vəzifəli şəxsə verilməsi adı ilə vətəndaşdan 15 min manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə ələ keçirməsinə, eləcə də vətəndaşı vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər etməyə görə rüşvət verməyə təhrik etməsinə əsaslı şübhələr yaranmışdır.
24 fevral 2021-ci il tarixdə Süleyman Cəfərova Cinayət Məcəlləsinin 178.2.4 (dələduzluq xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 310 (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) və 32.4, 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər etməyə görə ona rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan edilmiş, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir.
Hazırda cinayət işi üzrə əhəmiyyət kəsb edən halların, cinayətlərin törədilməsində hər hansı formada iştirak etmiş digər şəxslərin müəyyənləşdirilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Xəbəri paylaş