"Co Bayden "907-ci düzəliş”in bərpasına razılıq verəcəksə ABŞ-ın Cənubi Qafqazdakı mövqeləri ciddi şəkildə sarsılacaq”.
"RegionTv.info" xəbər verir ki, Bu sözləri ABŞ-ın 100-dən artıq konqresmeninin Prezident Co Baydendən Azərbaycana yönəlik "907-ci düzəliş”in yenidən qüvvəyə minməsini tələb etməsinə toxunarkən politoloq Natiq Miri deyib:
"Prezident Co Bayden ABŞ-ın geosiyasi maraqlarını nəzərə alacaqsa "907-ci düzəliş”in yenidən qüvvəyə minməsinə razılıq verməyəcək. Qarabağın bərpası və gələcək taleyilə bağlı siyasi prosesdə də ABŞ birbaşa rol ala bilmir. Hazırda bölgəmizdə əsas aktiv ölkə rolunda Rusiya ilə Türkiyə çıxış edir. Bu qərar isə ABŞ-ın regiondakı nüfuzunu daha da sarsıdar”.
Həmsöhbətimzin fikrincə, Ağ Evin "907-ci düzəlişi” yenidən qüvvəyə mindirməsi faktiki olaraq Azərbaycanı Rusiyaya tərəf itələyəcək:"Bundan başqa ABŞ-ın NATO üzrə müttəfiqi Türkiyə ilə münasibətlərinə də növbəti dəfə ciddi xələl gələcək. Bu da öz növbəsində Vaşinqtonun Cənubi Qafqazdakı mövqelərini ciddi şəkildə sarsıdacaq. Fikrimcə, Bayden bu xüsusları nəzərə almalıdır. Əks təqdirdə, ölkələrimiz arasındakı münasibətlərə ciddi zərbə dəyəcək”.
N. Miri düşünür ki, Azərbaycan bununla bağlı ciddi lobbi fəaliyyətinə keçməlidir: "Buna ölkəmizin imkanı çatır. Azərbaycanla İsrail arasında isti əlaqə və münasibətlər qurulub. ABŞ-ın yəhudi lobbi təşkilatı ilə də Aərbaycanın ciddi əlaqələri mövcuddur. Bu əlaqələrdən istifadə edib, Konqresin hər iki palatasına təsir etmək mümkündür”.
Xəbəri paylaş