“Prezident İlham Əliyevin 14 dekabr 2020-ci il tarixli sərəncamının icrasını təmin etmək məqsədilə Nazirlər Kabinetinin verdiyi “2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə dəymiş ziyanla bağlı maddi yardımın ödənilməsi barədə” sərəncamda nəzərdə tutulan yardımın vətəndaşlara çatdırılması yekunlaşıb.
"RegionTV.info" xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib.
Məlumatda qeyd olunub ki, əlavə texniki baxışın və müraciətlərin araşdırılması nəticəsində daha 5 mindən artıq ailəyə də ilkin yardım verilməsi nəzərdə tutulur.
Qeyd edək ki, Prezident İlham Əliyevin imzaladığı “2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə dəymiş ziyanın ödənilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 14 dekabr 2020-ci il tarixli sərəncamına əsasən, 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhalinin əmlakına dəymiş ziyanla bağlı aşağıdakı məbləğdə maddi yardım ödənilməlidir:
- dağıdılmış və ya qəzalı vəziyyətə düşmüş yaşayış evləri üzrə məişət əşyalarına dəymiş ziyanla bağlı hər bir ailəyə 6000 (altı min) manat, şəxsi əşyalara dəymiş ziyanla bağlı hər bir ailə üzvünə 1500 (min beş yüz) manat məbləğində;
- digər ziyan dəymiş yaşayış evləri üzrə hər bir ailəyə 1000 (bir min) manat məbləğində.
Sərəncama əsasən, Nazirlər Kabinetinə Sərəncama uyğun olaraq maliyyələşməni təşkil etmək tapşırılıb.
Bu sərəncamın icrasını təmin etmək üçün Nazirlər Kabineti “2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə dəymiş ziyanla bağlı maddi yardımın ödənilməsi barədə” sərəncam verib.
Sərəncama əsasən, Maliyyə Nazirliyinə tapşırılıb ki, mülki əhalinin əmlakına dəymiş ziyanla bağlı maddi yardımın ödənilməsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 11 noyabr tarixli 612s nömrəli Sərəncamı ilə yaradılmış işçi qrupları tərəfindən təqdim edilən siyahılar əsasında hesablanmış ilkin olaraq 9 068 128 (doqquz milyon altmış səkkiz min yüz iyirmi səkkiz) manat (bank xidməti ödənişləri də daxil olmaqla) məbləğində vəsaitin 2020-ci il üçün Azərbaycan Respublikasının dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondunun vəsaiti hesabına maliyyələşdirilməsini təmin etsin və göstərilən vəsaitin 2 920 500 (iki milyon doqquz yüz iyirmi min beş yüz) manatının Gəncə Şəhər İcra Hakimiyyətinin, 67 000 (altmış yeddi min) manatının Mingəçevir Şəhər İcra Hakimiyyətinin, 1 848 500 (bir milyon səkkiz yüz qırx səkkiz min beş yüz) manatının Ağdam Rayon İcra Hakimiyyətinin, 586 000 (beş yüz səksən altı min) manatının Ağcabədi Rayon İcra Hakimiyyətinin, 233 000 (iki yüz otuz üç min) manatının Bərdə Rayon İcra Hakimiyyətinin, 124 000 (bir yüz iyirmi dörd min) manatının Beyləqan Rayon İcra Hakimiyyətinin, 41 000 (qırx bir min) manatının Cəbrayıl Rayon İcra Hakimiyyətinin, 4 000 (dörd min) manatının Naftalan Rayon İcra Hakimiyyətinin, 2 296 500 (iki milyon iki yüz doxsan altı min beş yüz) manatının Tərtər Rayon İcra Hakimiyyətinin, 494 500 (dörd yüz doxsan dörd min beş yüz) manatının Füzuli Rayon İcra Hakimiyyətinin və 421 500 (dörd yüz iyirmi bir min beş yüz) manatının Goranboy Rayon İcra Hakimiyyətinin müvafiq xəzinə hesabına ödənilməsini təmin etsin.
Xəbəri paylaş