“Qadınlar məni qorxutmur. Amma onların çox danışmağı məni əsəbiləşdirə bilər. Xanımlarda enerji çoxdur. İndi kişilərdən çox qadınlar güclüdür. Çünki qadın kişidəki sirri tapıb. Bunlar yemək, televizor və bir az sakitlikdir. Amma kişi qadın sirrlərini hələ də tapa bilməyib. Ona görə də mübarizə aparılır. Bir qafqazlı olaraq fikrim budur ki, qadın heç vaxt xəyanət etməməlidir”.
Bu sözləri uzun müddətdir media və TV-lərdən uzaq gəzən müğənni Rauf Əhmədov deyib. O, “Deməli belə” instaqram layihəsində qonaq olarkən şəxsi həyatı, qadın-kişi münasibətləri, şou-biznesdəki mövqeyi barədə danışıb.
Rauf qeyd edib ki, ifaçı olmamışdan əvvəl müxtəlif sahələrdə işçi kimi fəaliyyət göstərib: “İlk dəfə qazandığım pulu xatırlamıram. Amma bağçada mahnı oxuyurdum, bunun qarşılığında mənə kişmiş verirdilər. “Şpaklyovka” işi ilə məşğul olmuşam, aboy vurmuşam, fəhləlik etmişəm. Bu kimi ağır fiziki işlərlə məşğul olmuşam. Özümlə fəxr edirəm. Bundan sonra da əziyyətə dözərəm, mübarizə apararam”.
O, “Qarşılıqsız sevgin olub?” sualını isə belə şərh edib: “Olub, amma o, müsbət cavab verəndə mən “sağ ol” demişəm. Münasibəti elə qururam ki, qız mənə cavab verməsin. Əgər “hə” deyirsə, qız yanımda olur və bu, mənə maraqsız gəlir”.
Bundan əlavə, sənətçi heç kəslə münaqişədə olmadığını söyləyib: “Azərbaycan balaca ölkədir. Atam hər zaman deyir ki, heç kəs heç kəslə konflikt yaşamasın. Çünki nə vaxtsa həmin insanla üz-üzə gələ bilərsən. Bu da sənin işində problem yarada bilər. İdeal insan yoxdur. Təbii ki, mənim də lazımsız hərəkətlərim var. Kiminsə ayağını tapdalamışam, ancaq fikir verməmişəm. Lakin qarşı tərəf məni sevməyə bilər, mənfi enerji ötürər”.