"RegionTV.info"
Son bir neçə ildir ki, Abşeron rayonu ərazilərində əmələ gələn sosial problemlər daim ölkə gündəmini zəbt edir, bir sözlə bitib tükənmək bilmir. Buna baxmayaraq RİH-nin başçısı İradə xanım Gülməmmədova heç bir halda “iradə nümayiş etdirib” problemlərin həllinə çalışmır, əksinə o, bir rəhbər şəxs olaraq problemlərin üstünə yeni-yeni problemlər əmələ gətirməklə məşğul olur. Belə bir səbəblər üzündən də, rayonun ayrı-ayrı kənd və qəsəbələrində yaşayan sakinlər problemlərinin həllinə nail olmaq üçün müxtəlif etiraz aksiyaları keçirirlər, sosial problemlərinin varlığını, aidiyyatı dövlət qurumlarının məsələlərə ögey münasibətini və s. ictimailəşdirməyə çalışırlar.
Yaxın günlərdə təqribən iki min nəfərin yaşadığı Müşfiq qəsəbə sakinləri də, üz-üzə qaldıqları sosial məsələlərin həllinə nail olmaq üçün etirazlarını ifadə edib, icra başçısı İradə Gülməmmədovanı “gülə-gülə topa tutdular”. Belə ki, onlar keçirdikləri aksiya zamanı bildirirlər ki, “on ildən çox müddət ərzində bu ərazidə yaşasaq da, aidiyyatı dövlət qurumları bizimlə maraqlanmırlar. Belə bir səbəblər üzündən də, qəsəbənin sosial problemləri aşıb-daşır. Biz daha çox palçıqlı yolların varlığında şikayətçiyik. Çünki uşaqlarımız ən azından iki kilometr palçıqlı yolu qət edib məktəbə gedirlər. Belə bir problemlə bağlı bir neçə dəfə bələdiyəyə müraciət etsək də, hər dəfə bələdiyyə vəsaitlərinin olmadığını dilə gətirib. Nə qədər çalışsaq da, RİH-nin başçısı İradə Gülməmmədovanın qəbuluna düşə bilmirik. Çünki, o, qaçıb bizdən gizlənir.
Düzdür, bir neçə il bundan öncə bu ərazidə yol çəkilişi işləri həyata keçirilsə də, işin yarısı yarımçıq qaldı. Belə bir səbəbdən də, görülməli işi yarımçıq qalmış yolda yağmurlu günlərdə palçıqdan, isti havalarda isə toz-dumanın əlindən hərəkət edə bilmirik, boğaza yığılırıq. Yəni, uzun müddətdir ki, olmazın dərdə düşmüşük.
Dəfələrlə aidiyyatı qurumlara müraciətlər etsək də, bir kimsə müraciətlərimizə əhəmiyyət verməyib. Yaşadığımız bu ərazinin əsas problemlərindən biri də, sahibsiz itlərin çoxluq təşkil etməsdir. Belə bir halın varlığı birbaşa azyaşlıların həyatına təhlükə deməkdir. Çünki, elə hallar olub ki, sahibsiz itlər azyaşlı uşaqlara, qadınlara hücum ediblər. Başqa bir problem isə, yaşadığımız küçənin yollarında işığın olmamasıdır. Elə ki, axşam düşür, hər tərəf zülmətə qərq olur. Yəni, kimsə yaşadığımız küçənin yolları ilə piyada hərəkət edə bilmir. Diqqət yetirək ki, Müşfiq qəsəbəsi Bakı şəhərindən 15 km aralı məsafədə yerləşir və biz on ildir ki, belə bir problemlə üz-üzə qalmışıq.
Heç cür başa düşə bilmirik ki, Abşeron RİH-nin başçısı İradə Gülməmmədova bizimlə niyə maraqlanmır, müraciətlərimizə niyə əhəmiyyət vermir, bizi niyə qəbul etmir? Nə vaxta qədər qaçıb bizdən gizlənəcək? Axı, onu cənab Prezident bu rayona icra başçısı təyin edib və təyinatını verərkən İradə Gülməmmədovaya lazımi tapşırığını da verib. Bu nə deməkdir? Düşünürük ki, o, bu cür idarəçiliyi ilə təkcə Müşfiq qəsəbə sakinlərinə qarşı deyil, həm də ölkə başçısına qarşı sayğısızlıq edir. Bu heç cür yolverilməz haldır, rəhbər vəzifəni daşıyan şəxs sakinlərin problemləri ilə maraqlanmalı, onları dinləməli, problemlərinin həllinə köməklik də göstərməlidir”.
Problemin varlığını diqqətdə saxlayacağıq.
Xəbəri paylaş