“Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin gənclərə çağırış edərək, ölkədəki hazırkı vəziyyətlə barışmamağa, həmçinin kütləvi itaətsizliyə dəvət etməsi, əlbəttə ki, yolverilməzdir. Müraciət olunan Azərbaycan gəncliyi müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, onun düzgün qurduğu strategiyası nəticəsində döyüş meydanında erməni silahlı qüvvələrini darmadağın edərək dünya faşizminə qalib gəlməyi bacarıblar”.
"RegionTV.info" xəbər verir ki, Bunu Milli Məclisin deputatı Cavid Osmanov deyib.
Deputatın sözlərinə görə, açıq-aydın görünür ki, məhz bu radikal qüvvələr Ermənistana xidmət etməklə məşğuldurlar: “Bildiyimiz kimi, 2020-ci ilin sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən Müharibəsi Azərbaycanın parlaq qələbəsi ilə başa çatdı və Azərbaycan öz ərazi bütövlüyünü tam bərpa etdi, o cümlədən son illərin həsrətinə son qoydu. Son əsrlərə nəzər salanda, şahidi oluruq ki, Azərbaycan torpaqları zaman-zaman işğala məruz qalıb və sonradan müəyyən dövlətlərin ərazisinə birləşdirilib. Müzəffər Ali Baş Komandanımız, cənab Prezident İlham Əliyevin bu problemə son qoması ilə Azərbaycan xalqının milli qüruru özünə qaytarıldı. Eyni zamanda, qələbə nəticəsində I və II Qarabağ müharibələrində həlak olmuş bütün şəhidlərimizin qanı alındı və Azərbaycan artıq bölgədə yeni reallıqlar yaratdı. Əlbəttə ki, bu, bəzi dairələrin, eləcə də erməni lobbisi tərəfindən maliyyələşən, özünü “Milli Şura” adlandırsalar da, fəaliyyətləri tamamilə anti-milli olan şuranın və xüsusilə AXCP-nin sədri Əli Kərimlinin maraqlarını təmin etmir və son zamanlar Azərbaycanın parlaq qələbəsinə kölgə salmağa, onu kiçiltməyə çalışırlar. Elə bu günlərdə Əli Kərimlinin gənclərə çağırış edərək, ölkədəki hazırkı vəziyyətlə barışmamağa, həmçinin kütləvi itaətsizliyə dəvət etməsi, əlbəttə ki, yolverilməzdir. Müraciət olunan Azərbaycan gəncliyi Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi, onun düzgün qurduğu strategiyası nəticəsində döyüş meydanında erməni silahlı qüvvələrini darmadağın edərək dünya faşizminə qalib gəlməyi bacarıb. Digər bir tərəfdən, Vətən Müharibəsi boyunca Azərbaycan gəncliyi Ermənistan tərəfinin “fakenews”ları əleyhinə gecə-gündüz yorulmadan, fədakarcasına çalışdılar və beləliklə, saxta informasiyaların yayılmasının qarşısını almağa müvəffəq oldular”.
Cavid Osmanov qeyd edib ki, bu gün bütün dünya azərbaycanlıları Cənab Prezidentin ətrafında sıx birləşiblər.
Deputatın sözlərinə görə, xalqın Prezidentin ətrafında “dəmir yumruğa” çevrilməsi də belə dairələri narahat edir: “Çünki bu, eyni zamanda hazırkı dövrdə Ermənistanda olan revanşistləri, əli azərbaycanlıların qanına bulaşmış rəhbərləri, o cümlədən dünya erməni lobbisini də çox ciddi narahat edir. Bu baxımdan da, daxildəki belə avantürist və radikallar çalışırlar ki, xalqın bu birliyinə kölgə salsınlar. Təkrar edirəm, bundan çox-çox nigaran və narahatdırlar. Vətən Müharibəsi boyunca bir sıra ölkələr Azərbaycana bu haqlı mübarizəsində dəstək oldular və Azərbaycanın ərazi bütövlüyünü təmin etməsinə sevinirdilər. Bu məsələdə, əlbəttə ki, ilk növbədə qardaş Türkiyə yada düşür. Amma çox təəssüflər olsun ki, radikal müxalifət, Milli Şura, xüsusən AXCP sədri Əli Kərimli davamlı olaraq Azərbaycan-Türkiyə ikitərəfli münasibətlərinə də kölgə salmağa çalışır və istəyirlər ki həm liderlər, həm də xalqlar arasındakı qardaşlığı, mehribanlığı, bir sözlə bu möhtəşəm birliyi pozsunlar”.
Parlamentin üzvü bildirib ki, bu qüvvələr çalışırlar, 1990-cı illərin əvvəllərində baş qaldıran xaosu, anarxiyanı yenidən təkrarlasınlar və Azərbaycanda vətəndaş qarşıdurması yaratsınlar, necə ki bu gün Ermənistanda xaos, anarxiya və itaətsizlikdir…
“Bilmək lazımdır ki, bu itaətsizliyə dəvət edən revanşist qüvvələrin arxasında Ermənistan müxalifəti dayanır. Ancaq nəzərə almaq lazımdır ki, bizim peşəkar hüquq-mühafizə orqanlarımız hər zaman belə halların qarşısını alıb və alacaqdır. Çünki Azərbaycan güclü və qüdrətli dövlətdir. Ölkə Prezidenti gənclərə daim dəstək verir, xarici ölkələrdə təhsil almalarına şərait yaradır, onların dövlət idarələrində irəli çəkilməsi üçün göstərişlər verir. Son zamanlar kadrların gəncləşdirilməsi siyasəti buna sübutdur. Azərbaycan gənci dövlətinə güvənir, bilir ki, Prezident bütün problemləri həll etməyə qadirdir. Xalqımızın Cənab Prezident İlham Əliyevin ətrafındakı birliyi ölkəmizin daha güclü və qüdrətli olmasında heç şübhəsiz müstəsna rol oynayacaq” - Cavid Osmanov vurğulayıb.
Xəbəri paylaş