“Təhsil Nazirliyi ölkədə sanitar-epidemioloji vəziyyəti diqqətdə saxlayır və prosesin əvvəlindən təhsilin mümkün qədər səmərəli təşkili istiqamətində ciddi tədbirlər görür”.
Bunu “Təhsildə Yeni Çağırışlar” Beynəlxalq Onlayn Forumunda çıxış edən Təhsil nazirinin müşaviri Elnur Nəsibov bildirib.
Onun sözlərinə görə, Təhsil nazirinin və Nazirliyin yüksək vəzifəli şəxslərinin təhsil sisteminin bütün iştirakçıları - şagirdlər, valideynlər, müəllimlər, direktorlar, tələbələr, ali və peşə məktəblərinin müəllimləri ilə görüşləri keçirilir: “Eyni zamanda, ictimai rəy öyrənilir və məlumatlar təhlil edilir. Sağlamlıqla təhsil hüquqları dövlətimiz, o cümlədən də Təhsil Nazirliyi üçün çox vacibdir. Bu, hər bir qərarda öz əksini tapır. Bu hüquqların təmin olunması istiqamətində Təhsil Nazirliyi gərgin iş rejimində çalışır. Eyni zamanda, qlobal səviyyədə Ümumdünya Səhiyyə Təşkilatının və UNICEF-in tövsiyələri nəzərə alınır. Nazirlik tərəfindən ölkə ərazisində mövcud məktəblərin sahəsi, şagird sıxlığı, epidemioloji vəziyyət nəzərə alınaraq differensial yanaşmanın tətbiq olunması təklif edilib. 29 avqust 2020-ci il tarixində Nazirlər Kabinetinin 312 saylı qərarı ilə “Xüsusi karantin rejimi dövründə təhsil müəssisələrinin fəaliyyətinin tənzimləyən qrafik” müəyyən olunub”.
Müşavir deyib ki, məktəbəqədər təhsil müəssisələrinin sentyabrın 15-dən, ümumtəhsil müəssisələrində əvvəl ibtidai, daha sonra isə orta və tam orta təhsil səviyyəsinin mərhələli şəkildə fəaliyyətə başlaması nəzərdə tutulur: “Peşə təhsili müəssisələrində, oktyabrın 1-dən qısamüddətli kursların, oktyabrın 15-dən peşə təhsilinin bütün səviyyələri üzrə, ali və orta ixtisas təhsili müəssisələrində I kurs tələbələri üçün oktyabrın 1-dən, II və yuxarı kurs tələbələri üçün əsasən məsafədən təhsil barədə qərar verilib. Təhsil Nazirliyi təhsil müəssisələrində tədrisin, təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti qaydaları üzərində çalışır və bu qaydaları 10 gün ərzində Nazirlər Kabinetinə təqdim edəcək. Burada əsas prinsiplərimiz öyrənənlərin və öyrədənlərin sağlamlığı, təhlükəsizliyi və səmərəli iş imkanlarının nəzərə alınması, məsafədən tədrisin təşkili, təhsilin qiymətləndirilməsi prosesinə önəm verməkdir. Eyni zamanda, dəyişən vəziyyətə uyğun olaraq qərarların qəbul edilməsi də Nazirlik tərəfindən daim diqqətdə saxlanılacaq”.