Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Korrupsiya ilə yalnız belə mübarizə mümkün deyil - Deputat

"RegionTV.info"   Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin müsahibəsini təqdim edir:
- Qüdrət bəy, bir çox insanlar ABŞ-da Baydenin hakimiyyətə gəlişi ilə dünyada, o cümlədən bizim regionda çox şeyin dəyişəcəyini, az qala avtoritar rejimlərin yerin üzündən silinəcəyini, Rusiyanın ərazi bütövlüyü pozulmuş keçmiş sovet respublikalarından çıxarılacağını əminliklə söyləyirlər. Sizin fikirlərinizi bilmək maraqlı olardı.

- Bu cür fikirlər səsləndirməklə bəzi əlacı kəsilmiş insanlar özlərinə və tərəfdarlarına təskinlik verirlər. Bayden ABŞ-da vitse-prezident olanda Rusiya Ukraynanın ərazilərinin 20 %-ni işğal etdi. Halbuki 5 dekabr 1994-cü ildə Rusiya, ABŞ, Böyük Britaniya və Ukraynanın imzaladağı 6 bənddən ibarət olan Budapeştdə imzalanmış Memoranduma görə tərəflər Ukraynanın nüvə silahından imtina etməsi qarşılığında onun ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına təminat verirdilər. Memorandumun 4-cü bəndinə görə, əgər Ukrayna təcavüzə məruz qalarsa tərəflər təcili BMT TŞ-nın iclasını çağırmalı və Ukraynaya kömək etməli idilər. O zaman Ukrayna SSRİ-nin dağılması nəticəsində onun malik olduğu nüvə arsenalının 1/3 -ə (üçdə birinə) sahib olmuşdu. Bu, hər biri 6 nüvə başlığı daşıya bilən 175 uzaqmənzilli ballistik raket, 1800 nüvə başlığı demək idi. Ukrayna dünyada 3-cü nüvə gücünə sahib ölkə idi. Razılaşmaya uyğun olraq, Ukrayna nüvə silahından imtina etdi. Amma Krım və Şərqi Ukrayna işğal olunanda ABŞ nə etdi? ABŞ işğala yaşıl işıq yandıraraq bəyan etdi ki, Krım işğal olunarsa biz Rusiyaya sanksiya tətbiq edəcəyik. Halbuki, işğalın qarşısını almaq üçün, Krım işğal olunarsa Rusiya ilə müharibəyə başlayacağını bəyan etməli idi. Onlar kömək bir yana, heç Ukraynaya tank əleyhinə raketlər, müasir silahlar da satmadılar ki, özünü müdafiə edə bilsin. Dedilər ki, bu müharibəni alovlandıra bilər. Tətbiq etdikləri sanksiyalar da iqtisadiyyatın əsas sahələrini əhatə etmədi. Bu, sadəcə həmin ölkənin öz beynəlxalq öhdəliyinə tüpürməsi, Ukraynaya xəyanət, dünyada gücə və zorakılığa meydan verilməsi idi. Biz o zaman vitse-prezident Baydendən Prezident Obamadan fərqli mövqe görmədik. Ona görə də inanmıram ki, siyasətdən az-çox başı çıxanlar deyilənləri ciddi qəbul etsin. Əlavə sanksiyalar ola bilər, amma bu heç nəyi dəyişməyəcək. İran, Şimali Koreya təcrübəsi göstərir ki, sanksiyalarla beynəlxalq problemləri həll etmək mümkün deyil.

- Son vaxtlar ən çox müzakirə olunan məsələlərdən biri korrupsiya yolu ilə büdcədən oğurlanmış, xalqdan rüşvət olaraq toplanmış, yaxud başqa formada qanunsuz olaraq əldə edilmiş vəsaitlərin dövlət büdcəsinə geri qaytarılması barədədir. Cinayət təqibi qaydasında həmin vəsaitləri geri qaytarmaq mümkündürmü?

- Bir hüquqşünas kimi tam əminliklə deyirəm ki, yalnız inzibati yollarla korrupsiya və rüşvətxorluğa qarşı mübarizə aparmaq mümkün deyil. Bunun üçün struktur və institusional islahatlar aparılmalı, hakimiyyət bölgüsünə real məzmun verilməli, çoxpartiyalı sistemin gücləndirilməsi üçün siyasi islahatlar aparılmalı, güclü məhkəmə hakimiyyəti qurulmalı, dövlət qulluqçularına onların layiqli həyatını təmin edəcək qədər maaş verilməsini təmin etmək üçün iqtisadi islahatlar həyata keçirilməlidir. Bu istiqamətdə müəyyən addımlar atılır və bu iş sürətlə genişləndirilməlidir. Bundan başqa, qüvvədə olan, 1993-cü ildə mərhum Prezident Elçibəyin dövründə qəbul olunmuş, 1995-ci ildə əlavə və dəyişikliklər edilmiş "Varidata təminat verilməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu var. Həmin Qanunun 2-ci maddəsinə görə, hər kəs pulunu izahat və deklarasiya təqdim etmədən qanunvericiliklə qadağan olunmayan istədiyi sahəyə yönəldə bilər. 3-cü maddədə isə deyilir ki, Azərbaycan Respublikası vətəndaşı xaricdə sahibkarlıq fəaliyyəti nəticəsində qazandığı pulu ölkəmizə gətirərsə, həmin investisiyalara xarici investisiyalar üçün nəzərdə tutulmuş qaydalar və təminatlar tətbiq olunur.

Beynəlxalq Bankda baş vermiş korrupsiya cinayətinin təqibi bir daha sübut etdi ki, bu yolla mənimsənilmiş pulları ya geri qaytarmaq mümkün olmur, ya da cüzi bir qismini geri qaytarmaq olur. Ona görə həmin şəxslərlə fərdi söhbətlərin aparılması yolu ilə vəsaitlərin geri qaytarılması və iqtisadiyyata yönəldilməsini daha ümidverici hesab edirəm.

Yeri gəlmişkən, onu da qeyd edim ki, bəzi siyasi vəzifə tutan məmurlara görə dövlət hakimiyyət orqanlarının gözdən salınmasına yol vermək olmaz. Hansı ki, bunu müşahidə edirik. Qanunsuz əməllərlə məşğul olan müəyyən vəzifəli şəxslər bunu tabeçiliklərində olan bir-iki şəxsin əli ilə edirlər. Qalanları aldıqları məvaciblə dolanırlar. Cəzanın fərdiliyi prinsipi var. Məsələn, əgər bir gömrük, yaxud vergi işçisi rüşvət alırsa, buna görə o, şəxsən məsuliyyət daşımalıdır. Həmin cinayət əməlinə görə bütünlükdə vergi və gömrük orqanlarının üzərinə səlib yürüşü təşkil etmək yolverilməzdir. Əgər dövlət orqanlarında rüşvətxorluq sistemli xarakter daşıyıb, geniş yayılıbsa bu halda rəhbərliyin məsuliyyətindən danışmaq olar. Amma çox təəssüf ki, bəzi jurnalistlər, blogerlər mövcud problemlərin nədən qaynaqlandığını araşdırmaq əvəzinə sifarişlə, hətta, yaxşı mənada fərqlənən ayrı-ayrı vəzifəli şəxsləri də hədəf seçib onlara qarşı total gözdənsalma kampaniyası aparır və beləliklə də bilərəkdən, yaxud bilməyərəkdən dövlət hakimiyyətini gözdən salıb, təxribatlara yol açırlar. Bir daha vurğulayıram, öncə qeyd etdiyim islahatları dərinləşdirmədən, yalnız cinayət təqibi yolu ilə mövcud problemləri aradan qaldırmaq mümkün deyil. Düşünürəm ki, kadrların dəyişdirilməsi əsasən cinayət təqibi qaydasında yox, bir qayda olaraq islahatlar çərçivəsində həyata keçirilməlidir.

- Ermənistanda Paşinyan hökumətinin istefasını tələb edən son etiraz aksiyası barədə nə deyə bilərsiniz?

- Ermənistanda korrupsiyalaşmış, birinci Qarabağ savaşı zamanı ağır hərbi cinayətlər törətmiş eks-prezidentlər və digər yüksək vəzifəli şəxslər 44 günlük Vətən müharibəsi zamanı öyündükləri "məğlubedilməz” ordularının Azərbycan Silahlı Qüvvələri tərəfindən darmamdağın edilməsinin günahını Paşinyanın üzərinə qoyub onu devirmək istəyirlər. Onlar Rusiya ilə dostluqlarını nə qədər qabartsalar, nə qədər pul xərcləsələr də yüz minləri küçələrə çıxara bilmirlər. Çünki erməni cəmiyyəti onları tanıyır və onlardan iyrənib. Amma bu vəziyyət çox davam etməyəcək. İqtisadi-sosial vəziyyət ağırlaşdıqca digər dəyərlər arxa plana keçəcək, insanlar yalnız yaşamaq haqqında düşünəcək və Paşinyandan üz döndərəcəklər. Əgər Paşiyanın qarğa qədər ağlı varsa, dərhal iqtisadi vəziyyəti yaxşılaşdırmaq üçün Azərbaycanın ərazi bütövlüyünü tanımalı, Qarabağın statusu məsləsinə dilinə gətirməməli, bizimlə və Türkiyə ilə əməkdaşlığa başlamalıdır. Əks halda Qarabağ klanı çevriliş yolu ilə hakimiyyəti dəyişəcək. Paşinyan cəsarətsizlik edib hakimiyyətə gələndən sonra münaqişə ilə bağlı buraxdığı səhvi təkrar edib Qarabağ probleminin həlli istiqamətində ciddi addım atmasa, özünü və ölkəsinin suverenliyini tamamilə məhv edəcək, bununla yanaşı, Ermənistanı yeni müharibə ilə üz-üzə qoyacaq. Onun çox az vaxtı qalıb.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də