"RegionTV.info"
“Azərbaycan İkinci Qarabağ müharibəsinin qalibidir. Bütün müharibələrin sonu diplomatik müstəvidə əldə edilən razılaşmalarla yekunlaşır. Vətən müharibəsi də tarixə 10 noyabr birgə bəyanatı kimi düşmüş sənədin imzalanması ilə başa çatıb”.
Bunu Milli Məclisin deputatı Fatma Yıldırım bildirib.
Millət vəkili deyib ki, hazırda əsas məsələ əldə olunmuş razılaşmaların yerinə yetirilməsidir: “Amma erməni tərəfi hələ də təxribatçı fəaliyyətini davam etdirməkdədir. Ermənistan Azərbaycan ərazisində hərbi qüvvələrinin bir hissəsinin və burada yaradılmış qeyri-qanuni rejimin saxlanılması məqsədilə fəaliyyətini davam etdirir. Erməni tərəfi öz mövqeyini Azərbaycana qarşı yalan və saxta məlumatlarla “əsaslandırmağa” çalışır. Bu yalanlar Avropada hakim dairələr arasında da yayılır ki, burada erməni lobbisinin xüsusi rolu var”.
F. Yıldırım qeyd edib ki, erməni tərəfi beynəlxalq müstəvidə Azərbaycana qarşı çirkin kampaniyasını dayandırmaq fikrində deyil: “Guya ölkəmizin hərbi təcavüz etdiyi, mülki insanları hədəfə alması barədə yayılan təxribatçı kampaniya buna sübutdur. Məqsəd Dağlıq Qarabağın statusunu süni surətdə gündəmə gətirib vəziyyətin yenə də gərginləşdirilməsindən ibarətdir. Ermənilərin bu iddialarının heç bir əsası yoxdur. Bütün dünyaya məlumdur ki, Ermənistan 30 ilə yaxın Azərbaycan ərazisinin 20 faizini işğal altında saxlayıb və bunun nəticəsində də 1 milyondan çox insan öz doğma torpaqlarından qovulub. Münaqişənin həlli üçün uzun illər davam edən diplomatik danışıqlar isə Ermənistanın qeyri-konstruktiv mövqeyi nəticəsində nəticəsiz qalıb. Ermənistanın əsl məqsədi bu torpaqları öz sahibinə qaytarmamaq idi. Hələ bu azmış kimi bu ölkənin müdafiə naziri Azərbaycanın yeni ərazilərini işğal edəcəklərini bəyan etmişdi. Ötən ilin iyul və sentyabr aylarında baş verən hərbi təxribatlar da buna dəlalət edir. Belə olduğu təqdirdə Azərbaycan BMT Nizamnaməsinə uyun olaraq özünü müdafiə məqsədilə əks-hücum əməliyyatına başlayaraq işğal altında olan torpaqlarının böyük hissəsini hərbi yolla azad etdi. 10 noyabr razılaşmasına uyğun olaraq Ermənistan digər əraziləri də Azərbaycana qaytarmağa məcbur oldu. Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri arasında imzalanmış sənəddə Dağlıq Qarabağın statusu ilə bağlı heç bir müddəa yoxdur. Qarabağda yaşayan ermənilər də Azərbaycanın digər vətəndaşları kimi bərabər hüquqlara malik olacaqlar. Belə olan təqdirdə, ermənilərin status məsələsini gündəmə gətirməyə çalışması təxribatdan başqa bir şey deyil”.
Deputat nəzərə çatdırıb ki, bu gün üçtərəfli razılaşmanın icrası istiqamətində müvafiq addımlar atılır: “Yaxşı olar ki, Ermənistan bu razılaşmaların yerinə yetirilməsi öhdəliyinə sadiq qalsın. Burada vacib amillərdən biri də kommunikasiyaların bərpasıdır. Kommunikasiyaların bərpası, regional əməkdaşlıq Ermənistanın çıxış yoludur. Erməni tərəfi başa düşməlidir ki, təxribat xarakterli davranışlar ona heç bir fayda gətirməyəcək, əksinə, daha böyük fəlakətlərə səbəb olacaq”.
Xəbəri paylaş