Azərbaycan Prezidenti tərəfindən təməli qoyulan Horadiz-Ağbənd dəmir yolu xətti həm ölkə daxili sərnişin və yük daşımalarının artırılması və səmərəliliyinin yüksəldilməsi baxımından vacib hesab olunur, həm də Azərbayanın valyuta gəlirlərinin artırılmasına xidmət edəcək.
"RegionTV.info" xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
V.Bayramov bildirib ki, nəzərə alsaq ki, həmin dəmir yolu xətti Naxçıvan dəhlizinə inteqrasiya olunacaq, nəticə etibarı ilə imkan verəcək ki, Azərbaycanın qərb bölgələrində yaşayan sahibkarlar artıq aternativ yollarla öz məhsullarını Naxçıvan, Türkiyə, eləcə də Avropa bazarına çıxara bilsinlər:
"Nəzərə alsaq ki, Horadiz-Ağbənd dəmir yolu xətti və bütövlükdə Naxçıvan dəhlizi həm də Şərq-qərb nəqliyyat dəhlizinə inteqrasiya olunacaq, bu da Azərbaycan üzrindən daşınan yüklərin həcmini artıracaq. Bu, ölkəyə daxil olan valyutanın artması baxımından vacibdir, eyni zamanda Azərbaycanın qeyri-neft sahəsində çalışan sahibkarlar üçün öz məhsullarını Türkiyə və Avropa bazarlarına çıxarmaq üçün yeni imkanlar açır. Bu marşrut həm də optimallaşdırılmış xərclərlə məhsulların sözügedən bazarlara çıxarılmasına şərait yaradacaq".
Azərbaycanın həm Şərq-Qərb, həm də Şimal-Cənub nəqliyyat dəhlizlərinin reallaşmasına xüsusi töhfə verdiyini deyən millət vəkilinin sözlərinə görə, yeni dəmir yolu xətti Azərbaycan üzərindən daşınan beynəlxalq yüklərin həcmini artırmağa imkan verəcək:
"Təbii ki, bu da ölkəmizə valyuta axınını artıracaq. Yeni nəqliyyat infrastrukturu eyni zamanda Azərbaycanın geosiyasi mövqeyinin möhkəmləndirilməsinə də şərait yaradacaq".
Xəbəri paylaş