Bu düşmən iddialarına rəhbərliyinin başı siyasi oyunlara qarışmış AMEA-nın müvafiq institutları detallı cavab verməlidir...
Ermənistanla sərhəddə iyul gərginliyindən sonra keçirilmiş genişmiqyaslı Azərbaycan-Türkiyə birgə təlimləri, Türkiyə hərbi bazalarının Naxçıvanla yanaşı, Bakı, Gəncə və digər şəhərlərimizdə yerləşdirilməsi, Türk qoşunlarının Azərbaycanda qalıb Milli Ordumuzla birgə Qarabağı azad edə bilməsi perspektivləri işğalçı ölkəni Rusiya, Fransa və digər havadarlarına güvənərək həm siyasi- diplomatik, həm də ideoloji, tarixi və s. müstəvilərdə üzərimizə hücuma keçməyə vadar edib.
İllərdir ki, mütəmadi olaraq yazılarımızda xatırlatdığımız kimi, 2005-ci ildən bəri işğalçı Ermənistanın təşkil etdiyi üzdəniraq arxeoloqlar qrupu Ağdam rayonunun işğal altındakı Şahbulaq adlanan ərazisində- Qarabağ xanı Pənahəli xanın məşhur qalasının ətrafında aparılan qanunsuz qazıntı işləri nəticəsində guya qədim “erməni çarlığı”nın paytaxtı olan “Tiqranakerti”n qalıqlarını tapıblar. Həmin vaxtdan bəhs edilən ərazi dünyaya verilən informasiyalarda da “Tiqranakert” kimi təqdim olunmağa başlayıb. Artıq 16-cı ildir ki, ermənilər bu hüquqi-tarixi Azərbaycan torpağında hər ilin iyul avqust aylarında təxminən 40 gün ərzində qondarma “arxeoloji qazıntılar” aparırlar... Buraya Yunan Kiprindən və digər ölkələrdən mütəxəssislər dəvət edib işlərini daha da “elmiləşdirməyə” çalışırlar...
Moderator.az xəbər verir ki, işğalçı ölkə mediasının yaydığı məlumata görə, koronavirusla bağlı pandemiyaya rəğmən düşmənlərimiz yenə də Pənahəli xanın qalası ətrafında “qazıntı” işlərini davam etdirirlər.
Düşmən elmbazlarının “arxeoloji” qazıntılar sayəsində əldə etdikləri qondarma, saxta detal və faktları xırdalayıb qızıl vaxtımızı xərcləmək istəmirik. Sadəcə, Azərbaycan torpaqlarında qeyri-qanuni fəaliyyət göstərən Ermənistan arxeoloji ekspedisiyasının rəhbəri, Yerevan dövlət universiteti kulturologiya fakültəsinin professoru Hamlet Petrosyanın erməni mediasına geniş müsahibəsindəki bir neçə cümləsini rəhbərliyinin başı siyasi oyunlara qarışmış AMEA-nın, o cümlədən həmin hökumət qurumunun Tarix İnstitutunun nəzərinə çatdırmaq istəyirik. H.Petrosyan bir daha həyasızcasına bildirib ki, Şahbulaqdakı son qazıntılar, o cümlədən “V-VII və XII-XIII əsrlərə aid” 15 “eksponat” sübut edir ki, “qədim erməni çarlığı”nın “paytaxtı” “Tiqranakert” məhz Ağdam ərazisində yerləşib. Və “Tiqranakert” məhv olanadək “bu şəhər erməni nəfəsi alıb”. Ümumiyyətlə, həmin dövrdə “Kürün sağ sahili bütövlükdə ermənilərin olub və XIX əsrədək bu ərazidəki bütün kilsələrə ermənilər rəhbərlik edib”...
P.S. Oncə dediyimiz kimi, “Tiqranakert” və “Kürün sağ sahili” kimi erməni iddialarına detallı şəkildə AMEA-nın Tarix İnstitutu, eləcə də Arxeologiya və Etnoqrafiya İnstitutu cavab verməlidir...