Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının lideri Dövlət Baxçalının təşəbbüsü ilə Şuşada tikiləcək məktəbin təməlqoyma mərasimində Prezident İlham Əliyev, türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan və MHP liderinin iştirak edəcəyi gözlənilir.
RegionTV.info xəbər verir ki, bu barədə MHP liderinin müşaviri və layihənin baş memarı Yusif Ziya Günaydın Türkiyə mətbuatına açıqlamasında məlumat verib.
O bildirib ki, bu yaxınlarda Azərbaycana səfəri zamanı partiyanın səlahiyyətli şəxsləriylə birgə dövlət başçısı İlham Əliyevlə görüşüb. Onun sözlərinə görə, görüş 1 saatdan çox davam edib. Ölkə başçısı həm Prezident R. T. Ərdoğana, həm də Baxçalıya tez-tez qardaşım deyə xitab edib: "Cənab İlham Əliyev vurğuladı ki, "mən qardaşımsız Şuşaya getmərəm, onunla birlikdə gedəcəyik".
O, həmçinin cənab Dövlət bəyin də Şuşaya gəlməsini arzu etdi və orada da məktəbin təməlinin atılacağını bildirdi".
Xatırladaq ki, fevralın 2-də Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Milliyətçi Hərəkat Partiyasının sədr müavini, Ankaradan deputat Mevlüt Karakayanı qəbul edib. Mevlüt Karakaya Azərbaycanın işğaldan azad edilən torpaqlarında mədəniyyət və incəsənət təmayüllü məktəbin tikintisi ilə bağlı təşəbbüs barədə dövlət başçısına məlumat verib. Bu xüsusda Azərbaycanın təhsil naziri və digər rəsmi şəxsləri ilə görüşdüyünü bildirib.
Xəbəri paylaş