Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Deputat Salyan Xəstəxanasını ana ölümündə ittiham etdi: “Şöbədə əməlli “bazar”dır”

Milli Məclisin deputatı Jalə Əhmədova Salyan Rayon Mərkəzi Xəstəxanasında fevralın 5-də qeydə alınan ana ölümünə münasibətini açıqlayıb.

"RegionTV.info"  xəbər verir ki, J.Əhmədova özünün sosial şəbəkə hesabında yazıb ki, Gülnarə Hümmətovanın doğuş zamanı ölməsindən sonra onun üç azyaşlı körpəsi anasız qalıb.

“Üç azyaşlı körpə bundan sonra anasız böyüyəcək, ana nəvazişindən, ana qayğısından, sevgisindən məhrum olacaq”, - deyə J.Əhmədova bildirib.
Millət vəkilinin sözlərinə görə, mərhumun valideynləri həkimlərin səhlənkarlığından şikayətlənir, qızlarının ölümündə həkimləri təqsirləndirirlər.

Deputat hesab edir ki, bu cür faciəvi ölümlərə səbəb həkimlərin səhlənkarlığından çox, onların qeyri-peşəkarlığıdır.
“Çünki qeysəriyyə əməliyyatı zamanı qan laxtalanmaya bilər və ya daxili qanaxma baş verə bilər. Peşəkar həkim xəstəni əməliyyata almamışdan öncə, onu yoxlamalı, baş verə biləcək hər şeyə hazır olmalıdır”, - deyən J.Əhmədova onu da əlavə edib ki, son zamanlar həkimlər nədənsə qeysəriyyə əməliyyatlarına daha çox üstünlük verirlər:

“Burada həm maddiyyat, hə də vaxt məfhumu böyük rol oynayır, desəm yanılmaram. Çünki qeysəriyyə əməliyyatı təxminən 30 dəqiqə, təbii doğuş isə saatlarla davam edə biləcək bir prosesdir. Qeysəriyyə əməliyyatına görə daha çox pul alan həkimlər həm də vaxt baxımından xəstəyə bu üsulu məsləhət görürlər”.

J.Əhmədova qeyd edib ki, Salyan Rayon Mərkəzi Xəstəxanasının Doğuş şöbəsində rüşvət almaq adi hala çevrilib, şöbədə əməlli “bazar”dır.
O, həkimlərin qeyri-peşəkarlığı ucbatından baş verən ana ölümlərinə görə cəza sisteminin işə salınmasının vacibliyini də vurğulayıb.
“Həkimlərin qeyri-peşəkarlığı səbəbindən baş verən ana ölümlərinə görə məsuliyyət daşımağın, cəzalandırılmağın vaxtı çatmayıbmı?! Nəyə görə 32 yaşlı Gülnarə Hümmətovanın ölümünə görə Salyan Rayon Mərkəzi Xəstəxanasının Doğuş şöbəsinin müdiri İradə Ağalarova və ya digər həkimlər məsuliyyət daşımamalıdır? Üç körpənin anasız qalmasına görə cəzasızlıq mümkündürmü?

Əlbəttə ki, yox! Biz demokratik, hüquqi dövlətdə yaşayırıq. Vətəndaşlarımızın hüquqlarını qoruyan prokurorluq, hüquq mühafizə orqanlarımız var. Və mən əminəm ki, Hümmətova Gülnarə Mahir qızının ölüm işi hərtərəfli və obyektiv şəkildə araşdırılacaq, baş vermiş hadisəyə qanunvericiliyə uyğun hüquqi qiymət veriləcək. Ən əsası isə günahkar şəxslər öz layiqli cəzalarını alacaqlar”, - deyə J.Əhmədova fikrini yekunlaşdırıb.

Qeyd edək ki, G.Hümmətova fevralın 5-də saat 21:40 radələrində hamiləliyin 39-40-cı həftəsində xəstəxananın doğuş şöbəsinə daxil olub və üzərində qeysəriyyə əməliyyatı aparılıb. Körpə ana bətnindən götürülüb. Bundan iki gün sonra ana qanaxmadan həyatını itirib.

Xatırladaq ki, deputat J.Əhmədova 59 saylı Salyan Seçki Dairəsindən parlamentə deputat seçilib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də