"RegionTV.info"
Ermənistanın Sünik bölgəsindən keçən Gorus-David Bek yolunun 21 kilometrlik hissəsi Azərbaycanın nəzarətinə qayıdacaq. Bu xəbəri Ermənistanın "Hraparak” qəzeti yayıb.
Məlumatda bildirilib ki, 2 tərəfli razılığa əsasən, yolun bu hissəsi təxminən 3 il Ermənistan və Azərbaycan tərəfindən birgə istismar ediləcək. 3 ildən sonra isə yolun həmin hissəsi tamamilə Azərbaycanın nəzarətinə keçəcək. Azərbaycanın nəzarətinə başqa bölgələrin – Xankəndi, Xocalı və digər ərazilərimizin də keçəcəyi haqda da vaxtaşırı bilgilər dolaşır. Bu, həmin prosesin başlanğıcı sayıla bilərmi?
Politoloq Qabil Hüseynli "Yeni Müsavat”a deyib ki, hazırda sərhədlərin demarkasiyası prosesi gedir: "Ermənilər Azərbaycan torpaqlarını işğalda saxladıqları dövrdə mövcud olan sərhədləri bəzi yerlərdə 10 kilometrlərlə Azərbaycanın içinə doğru çəkmişdilər. Bu gün sovet dönəmindən qalma xəritələr əsasında, digər vasitələrlə sərhədlərin işğala qədərki nöqtələrə qaytarılması və dəqiqləşdirilməsi prosesi həyata keçirilir. Bu proses başlayandan təsdiq olunur ki, ermənilər bizim ərazilərimizdə evlər tikib, yolları bizim ərazidən salıblar. İndiki Gorus-David Bek yolunun 21 kilometri də tam Azərbaycan ərazisindən keçir. Artıq bu məsələdə tam olaraq kompromis əldə edilib. Yol Azərbaycan ordusunun nəzarətinə keçir. Ermənilərə də yoldan istifadə etmək hüququ verilir.
Hətta Azərbaycan təklif etmişdi ki, Dağlıq Qarabağa gedən ermənilər Gorus yolu vasitəsi ilə Laçına getsinlər. Yolda yoxlama prosesini Azərbaycan ordusu həyata keçirsin. Hələ ki, bu prosesi tam olaraq həyata keçirmək mümkün olmayıb. Rusiya ilə Laçında Azərbaycanın sərhəd və gömrük buraxılış məntəqələrinin yaradılması haqda danışıqlar gedir. Rusiyanın tələbi odur ki, buraxılış məntəqəsində rus sülhməramlılarının nümayəndəsi olsun. Bu məsələdə də konsensus əldə ediləcək. Tezliklə Laçında da gömrük buraxılış məntəqələri nəzarətimiz altına keçəcək”.
Politoloq deyir ki, elə ərazilər var ki, Azərbaycan üçün müqəddəs anım yeridir: "Həmin yerlər Azərbaycan xalqının Kəbəsidir. Belə yerlərdən başda gələni Şuşa idisə, sonra Xocalıdır. Xocavənd rayonun bir sıra kəndləridir ki, orada ancaq azərbaycanlılar yaşayıb. Hələ ki, ermənilərlə bu məsələləri razılaşdırmağa hacət yoxdur, çünki bu gün onların adından ruslar çıxış edir. Xocalı və ətraf kəndlərdə rus sülhməramlıları nəzarət postları qurublar. Hələlik Azərbaycan ordusu hucum edərək həmin ərazilərə tutmaq planını gerçəkləşdirmir. Danışıqlar yolu ilə bu planı həyata keçirməyə çalışır.
Onu da deyim ki, Azərbaycan antiterror əməliyyatı adı altında Xocalını, Xocəvənd rayonunu, həmçinin bir sıra bölgələrdə desant şəkilində atılmış, erməni başıpozuq dəstələrini sıradan çıxarmaq üçün müəyyən əməliyyatları həyata keçirir. Eyni zamanda, bu əməliyyatların miqyasını genişləndirmək fikrindəyik. Belə olacağı təqdirdə ən mühüm məsələ Laçında sərhəd, gömrük-buraxılış məntəqəsini bərqərar edib Azərbaycan tərəfindən nəzarətin həyata keçirilməsidir. Sonrakı dönəmdə Xocalı da, Xocavənddə və digər ərazilər də Azərbaycanın tam olaraq nəzarəti altına keçəcək. Eyni zamanda, Xankəndinə azərbaycanlıların qayıdışı başlamalıdır. Müharibəyə qədər orada yaşayan azərbaycanlılar öz evlərinə qayıtmağa hazırlaşır.
Xankəndində azərbaycanlıların evləri var və o, evlər bu gün boşdur və ya ermənilər tərəfindən tutularaq istifadə olunur. Xankəndinə azərbaycanlıların qayıdışı təmin olunacaq, ora da digər ərazilərimizdə olduğu kimi Azərbaycan bayrağı dalğalanacaq. Prosesin gedişi belə nikbin danışmağa imkan verir. Ən mühüm cəhət odur ki, bu məsələdə Türkiyə Azərbaycanı dəstəkləyir və bu prosesin tezliklə baş tutması üçün əlindən gələni edir. Eyni zamanda Türkiyə Rusiyadan da bunu tələb edir”.
Politoloq deyir ki, Azərbaycan tolerant dövlətdir, ən müxtəlif millətlər ölkəmizdə mehriban qonşuluq şəraitində yaşayırlar: "Ermənilər müharibəyə qədər Azərbaycanda çox rahat həyat sürüblər. Digər millətlərin nümayəndələri kimi dinc şəkildə yaşayıblar. Azərbaycan torpaqlarının işğalından sonra da ölkə ərazisində 30 min nəfər erməni qalıb yaşayırdı. Halbuki həmin dövrdə Ermənistanda 1 nəfər də olsun belə azərbaycanlı qalmamışdı. Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olmasını bütün dünya qəbul edir. BMT-nin qətnamələrində də bu məsələ öz əksini tapıb. Yəni bu məsələ ilə bağlı hər hansı mübahisə yoxdur.
Azərbaycanın ərazi bütövlüyü tam şəkildə təmin olunacaq və bölgəyə azərbaycanlıların qayıdışı gerçəkləşəcək. Bu gün həmin torpaqlarda yaşayan ermənilər üçün yeganə şərt budur ki, Azərbaycan vətəndaşlığını qəbul edib Azərbaycan torpaqlarında dinc yaşasınlar. Bu şərti qəbul etməyənlər Azərbaycan torpaqlarında qala bilməz. Bütün dünya Azərbaycanın ədalətli mövqeyini dəstəkliyir”.
Xəbəri paylaş