Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bu tarixdən həftə sonları ictimai nəqliyyat fəaliyyətini bərpa edə bilər - AÇIQLAMA

RegionTV.info  
Azərbaycanda gündəlik koronavirusa yoluxanların sayında azalma dinamikası davam edir. Belə ki, fevralın 17-də 154 yeni yoluxma faktı qeydə alınıb, 165 nəfər müalicə olunaraq sağalıb, 2 nəfər isə vəfat edib. Gündəlik yoluxmaların və ölənlərin sayndakı mövcud azalma növbəti yumşalmaların olma ehtimalı ilə bağlı fikirlər formalaşdırır. Bu gün səsləndirilən iddialardan biri də martın 1-dən etibarən həftə sonları ictimai nəqliyyatın fəaliyyətinin bərpa edəcəyidir.

Bununla bağlı deputat Müşfiq Cəfərov bildirib ki, fikrimcə ictimai nəqliyyatın hərəkətinə tətbiq edilən qadağanın aradan qaldırılması yaxşı olardı:
"Məsələnin tibbi tərəfi bizim səlahiyyətimizə aid olmadığından buna həkimlər, bu sahənin mütəxəssisləri doğru cavab verə bilər. Ümumiyyətlə, təcrübə göstərir ki, Bakıda, ölkənin digər şəhər və rayonlarında da şənbə- bazar günləri ictimai nəqliyyatda sərnişin sıxlığı aşağı səviyyədə olur. Çünki şənbə və bazar günləri insanların çoxu işə getmir, müəyyən obyektlər, müəyyən dövlət qurumları işləmir".

Deputat qeyd edib ki, həftəsonu ictimai nəqliyyatın işləməməsinin mənfi tərəfləri də var:

"Bu ondan ibarətdir ki, şənbə və bazar günləri bir sıra müəssisə və təşkilatlar fəaliyyət göstərir, belə olan halda insanlar işə gedərkən nəqliyyat problemi yaşayırlar. Vətəndaşlar həftəsonu müəyyən xidmətlərdən istifadə etmək və ya hər hansı bir problemlərinin həlli üçün harasa gedirlər. Bütün bunlar da iqtisadi baxımdan onları çətin duruma salır.

Sərnişinlərin ən az olan vaxtı avtobusların, metronun işləməməsinin müsbət tərəfi yoxdur, ancaq buna ehtiyacı olan insanlar nəqliyyatsız qalırlar. Bu səbəbdən də düşünürəm ki, yaxşı olardı ki, həftəsonu ictimai nəqliyyat işləsin. Bir halda ki, mütəxəssislər, həkimlər də bildirirlər ki, sanitar-epidemioloji vəziyyət nəzarət altındadır, hər şey qaydasındadır. Dünya təcrübəsi də göstərir ki, bu tipli sərt karantin tədbirləri o qədər də əhəmiyyətli deyil, ən vacibi insanların özlərini qorumasıdır.

Hazırkı göstəricilərə görə həftəsonları ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb. Lakin mütəmadi olaraq epidemioloji statistik göstəricilər təhlil olunur. Müsbət tendensiya olduğu halda, növbəti aylarda ictimai nəqliyyatın işi şənbə və bazar günləri bərpa oluna bilər".

Deputat Azər Badamov vurğulayıb ki, Operativ Qərargahın ictimai nəqliyyatla bağlı verilmiş qərarın dəyişilməsinin zamanı çatdığını düşünürəm. Çünki həftənin iş günləri ictimai nəqliyyat fəaliyyət göstərdiyi halda qeyri-iş günlərində dayandırılmasının məntiqi başa düşülən deyil. Həftə içi ictimai nəqliyyatdan istifadə edənlərin sayı qeyri-iş günlərindən daha çox olur. Qeyri-iş günlərində insanlar ancaq vacib bir məsələ ilə əlaqdar evdən çıxır. Ona görə də Operativ Qərargahın növbəti qərarı ictimai nəqliyyatın fəaliyyətinə tətbiq olunmuş məhdudiyyətin ləğvi ilə bağlı olmalı olduğunu düşünürəm".

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də